ADNSU-da keçirilən “Secure Energy” hakatonunun qalibləri mükafatlandırılıb

ADNSU-da keçirilən “Secure Energy” hakatonunun qalibləri mükafatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən “Secure Energy” hakatonunun qalibləri mükafatlandırılıb.
ADNSU-da “HORIZON 2020” çərçivəsində “ELECTRON” layihəsi ilə bağlı keçirilən “Secure Energy” hakatonu başa çatıb. 40 saat müddətində davam edən hakatonda ADNSU ilə yanaşı, bir neçə ali təhsil müəssisəsinin tələbələrindən ibarət 8 komanda verilən tapşırıqları yerinə yetirməyə çalışıb.
İştirakçılar enerji böhranı və kibertəhlükəsizlik sahəsindəki problemlərə innovativ həllər təqdim etməklə bu sahənin inkişafı üçün yeni prototiplər hazırlayıblar. Hakatonun sonunda fəal iştirak edən 3 komandanın təqdim etdiyi layihə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə əsasən üç meyar - problemin aktuallığı, problemin həllinə yaradıcı yanaşma və komanda işi əsasında aparılıb.
Birinci yerin qalibi Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Perihelion”, ikinci yerin qalibi ADNSU-nun “İnnovation”, üçüncü yerin qalibi isə UFAZ-ın “Homelanders” komandaları olub. Sonda qalib komandalara pul mükafatları verilib.
Qeyd edək ki, hakaton Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönəlib. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstəriblər.

Tehsil-press.az

Oxşar xəbərlər