Akademik Yusif Məmmədəliyev Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaradıb

Akademik Yusif Məmmədəliyev Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaradıb Dekabrın 31-də akademik Yusif Məmmədəliyevin doğum günüdür
Dünyaşöhrətli kimyaçı alim, Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin ixtiraları, fikirləri Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaradıb. Yusif Məmmədəliyevin elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların yaranmasına gətirib çıxarıb, Azərbaycan və dünya elminə böyük töhfələr verib.
Görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salıriq.
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində dünyaya göz açıb. Akademik Yusif Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazının tədqiqinə başlayıb, kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.
Y.Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlər boyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Görkəmli alimin üsulu ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib.
Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub. Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksəkkeyfiyyətli benzin veriblər.
Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksəkkeyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb. Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Bu metod ilə alınan yüksəkkeyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib.
Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub.
Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb.

Tehsil-press.az

Oxşar xəbərlər