Akademik Vaqif Abbasov: Elmi nəticələrimiz istehsalatda uğurla tətbiq olunur

Akademik Vaqif Abbasov: Elmi nəticələrimiz istehsalatda uğurla tətbiq olunur İnstitutumuz tərəfindən 2015-ci ildə analoqlarından üstün olan bitum qatqısı yaradılıb və patenti alınıb. Bu qatqıdan respublikamızda əsas yolların tikintisində uğurla istifadə olunur. Paytaxtdakı Heydər Əliyev prospektinin tikintisində də bu qatqıdan istifadə edilib. Həmçinin yüksək səmərəyə malik boy maddəsi yaratmışıq. Bu maddənin az miqdarda istifadəsi tinglərin yetişdirilməsində maksimum səmərə əldə olunmasına, bitkilərin sürətlə böyüməsinə imkan verir. Elə buna görə də bu maddə meşəsalmada böyük əhəmiyyət kəsb edə bilər. Hazırda bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə danışıqlar aparırıq. KTN-in Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə müqavilə bağlamışıq ki, onlar bu maddənin toxumçuluqda istifadəsi texnologiyasını hazırlasınlar.
Bu sözləri Tehsil-press.az-a müsahibəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov deyib.
“SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini bizim institutda yaradılıb. İlk raket yanacağını bizim institut təklif edib. Bakı neftindən bir neçə növ reaktiv yanacaqlarının alınma texnologiyası burada yaradılıb. SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi bizim institutun məhsuludur”, - deyə akademik əlavə edib.
Vaqif Abbasov institutun hədəf və perspektivlərindən də danışıb. Bildirib ki, yeni yataq neftlərinin tədqiqi, səmərəli emal üçün təkliflər hazırlanması, ağır neftin və neft qalıqlarının neft-kimya məhsullarına emalı texnologiyalarının, neft və yanar şistlərin birgə emalı proseslərinin işlənməsi Neft-Kimya Prosesləri İnstitutunun hədəfləri sırasındadır. İnstitutda neft və bitki mənşəli üzvi birləşmələr əsasında aqrokimya təyinatlı məhsulların və onların alınma texnologiyaları, neftdən alınan tibbi və kosmetik yağların efir yağları ilə kompozisiyaları, Bakı nefti əsasında yarımsintetik və sintetik baza yağlarının alınma texnologiyaları işlənib hazırlanacaq. Bununla yanaşı, elmi müəssisədə dizel distillatlarının hidrokrekinqi proseslərinin, keyfiyyətli benzin və aviasiya yanacaqlarının alınma proseslərinin işlənməsi, neft məhsullarının və onların bitki xammal növləri ilə qarışıqlarının dərin hidrokrekinqinin aparılması üçün yeni katalizatorların hazırlanması, təbii qazın neft emalına cəlb edilməsilə ağır neft məhsullarının müasir neft kimya məhsullarına çevrilməsi prosesi də həyata keçiriləcək. Bütün bunlar sənayenin inkişafına töhfələr verəcək.
Qeyd edək ki, institutda 30 laboratoriya və 7 şöbə fəaliyyət göstərir. Əməkdaşların sayı 550 nəfərdən çoxdur. Onlardan 3-ü akademik, 3-ü AMEA-nın müxbir üzvü, 49-u elmlər doktoru, 100 nəfərdən çoxu isə fəlsəfə doktorudur.

Tehsil-press.az

Oxşar xəbərlər