İrəvanın coğrafi mövqeyi və təbii şəraiti - alimlərin şərhi

İrəvanın coğrafi mövqeyi və təbii şəraiti - alimlərin şərhi Azərbaycan türklərinin qədim yurdları olan indiki Ermənistan adlanan ərazinin, o cümlədən İrəvan şəhərinin təbii şəraitinin öyrənilməsi hazırda oradan məcburi şəkildə digər ərazilərə köçürülmüş xalqımızın etnolandşaft yaddaşının təzələnməsində çox vacib və önəmli yerə malikdir. Bu məsələnin ciddi şəkildə araşdırılması həm də dünyanın siyasi, iqtisadi və sosial həyatında baş verən hadisələrlə də sıx bağlıdır. Dünyada siyasi tarazlığı qoruyub saxlayan, onu istiqamətləndirən Avrasiya materikidir. Burada siyasi tarazlığın pozulması bütün dünyada siyasi iqlimin dəyişməsinə və yenidən qurulmasına təsir edir. Qeyd olunan materikin kənarlarında baş verən geopolitik dəyişmələr və münaqişələr dünyadakı siyasi və iqtisadi proseslərin yenidən qurulmasından xəbər verir. Avrasiyada geosiyasi tarazlığın qorunub saxlanmasında isə tarix boyu materikdə mərkəzi mövqe tutan türk xalqlarına böyük ehtiyac olub. Bu səbəbdəndir ki, Türk Dövlətləri Birliyinin yaranmasına rəvac verilib. Hazırda Qafqazda da geosiyasi vəziyyət mürəkkəbdir və ayrı-ayrı dövlətlərin siyasi maraqlarının kəskin şəkildə toqquşduğu əraziyə çevrilib. Mövcud vəziyyətdən dövlətimizin uğurla çıxması bilavasitə hökumətimizin apardığı siyasi kursla sıx bağlıdır. Bu yaxınlarda Prezident İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması da təsadüfi deyildir. Sosial-iqtisadi və siyasi hadisələr müəyyən məkanda cərəyan edir və formalaşır. Hər bir məkanın isə özünəməxsus coğrafi vəziyyəti və təbii şəraiti mövcuddur. Bunlara müvafiq olaraq İrəvan şəhərinin təbii şəraitinin, həmçinin coğrafi mövqeyinin öyrənilməsi, onun ictimaiyyətə çatdırılması olduqca vacib və maraqlıdır.
Bu fikirlər coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov və Səidə Zeynalovanın həmmüəllifi olduqları məqalədə yer alıb. Həmin məqaləni təqdim edirik.
İrəvan şəhərinin əlverişli coğrafi mövqeyi və təbii şəraiti qədimdən bu ərazilərin insanlar tərəfindən məskunlaşmasına imkan yaradıb. Ətraf dağlıq ərazilərə nisbətən iqlimin mülayimliyi, relyefdə hamarsəthli plato-düzənliklərin üstünlüyü, məhsuldar torpaq-bitki örtüyü, əlçatan şirin su mənbələri və müxtəlif tərkibli tikinti materialları ilə zənginlik İrəvan şəhərinin yerləşdiyi ərazini tarixən insanların həyat fəaliyyəti üçün cəlbedici edib. İrəvan Qərbi Azərbaycan yaylasının mərkəzi hissəsini tutan Orta Araz çökəkliyindəki Ağrı düzənliyinin şimal-şərqində yerləşir. İrəvan şəhərinin yerləşdiyi çökəklik üç tərəfdən hündür dağ silsilələri ilə əhatə olunub. Şəhəri şimal-qərbdən Ağrıdağ, şimaldan Qarnıyarıq, Boztəpə və Dərəbaşı, şərqdən isə Qızılı dağları əhatələyir.
Cənuba doğru İrəvan dağdaxili çökəkliyi tədricən Araz çayı dərəsinə doğru alçalır. Şəhər iri su hövzələrindən kənarda yerləşir. Nisbətən yüksək oroqrafik hündürlüyə malik şəhərin ərazisində ən alçaq yerin okean səviyyəsindən hündürlüyü 860 metr, ən yüksək hissəsi isə 1510 metrə çatır.
İrəvan şəhərinin yerləşdiyi Orta Araz çökəkliyi mürəkkəb geoloji quruluşa malik tektonik əyilmə-qırılma zonasına uyğun gəlir. Qeyd olunan çökəklik tektonik quruluşuna görə bir-birindən fərqli iki sinklinoriuma müvafiq olaraq Naxçıvan və Ağrı düzənliklərindən ibarət iki fiziki-coğrafi vilayətə ayrılır. Orta Araz çökəkliyinin Naxçıvan düzənliyi hazırda əsasən Azərbaycan Respublikasının sərhədləri daxilində yerləşir. İndiki Ermənistan ərazisində yerləşən Ağrı düzənliyinin şimal-şərq hissəsinə bəzən İrəvan çökəkliyi də deyilir.
İrəvanda seysmiklik 6-7 bala çatır. Lakin şəhərin bəzi rayonlarında bu kəmiyyət 8 və bəzən də 9 balla qiymətləndirilir.
Kiçik Qafqaz və Pont dağlarının yaratdığı baryer effekti və eyni zamanda, mütləq hündürlüyünün çox olması burada subtropik iqlim qurşağının özünəməxsus kifayət qədər kontinental iqlim tipinin yaranmasına şərait yaradır. Ağrı (İrəvan) düzənliyinin yayı çox isti keçir. Havanın illik temperatur amplitudası 32 dərəcəyə çatır. İl ərzində 200-300 mm yağıntı düşür. Yay ayları nisbətən yağıntılı keçir.
Uzunluğu 141 km olan Zəngi çayı Göyçə gölündən başlayaraq İrəvan şəhərindən keçir və onu iki hissəyə bölür. Aşağı axında Zəngi çayı Türkiyə ilə sərhəddə Araz çayına qovuşur. Əsasən yeraltı sular, atmosfer yağıntıları və qar ərinti suları ilə qidalanır.
İrəvan ərazisi Ağrıdağ düzənliyinin şimal-şərqində yerləşir. Torpağın əmələ gəlməsi prosesi zəif təbii bitki örtüyü olan quru kontinental iqlimdə baş verir, buna görə də torpaqlar zəif humus qatına malik yarımsəhra tipinə aiddir. Yağıntının az olması və yüksək buxarlanma qabiliyyəti ərazidə qədimdən suvarmanın tətbiqinə şərait yaradır.
Geniş yayılmış torpaq növü qəhvəyi torpaqlardır. Qəhvəyi torpaqların şəhər daxilində müxtəlif yarımtiplərinə rast gəlinir. Bu torpaqlar şəhərin əsas hissələrində demək olar ki, texnogen çirklənməyə və deqradasiyaya məruz qalıb.
Bir sıra alimlərə görə, florasının xarakterinə əsasən Orta Araz çökəkliyi Qərbi Azərbaycan-İran flora vilayətinin bir hissəsi hesab edilir. Bu florostik əyalət Kiçik Asiya, Qərbi Azərbaycan və İranın semiarid və arid bölgələrini əhatə edir. Bu flora əyalətində endemik bitki növlərinin sayı ümumi tərkibin 20 faizini təşkil edir. Orta Araz çökəkliyində yovşan və şoran yarımsəhra bitkiləri üstünlük təşkil edir.
Halofit formasiyalı bitki örtüyü 500-1400 metr hündürlükdə yayılıb. Bu bitki formasiyaları İrəvan çökəkliyinin şoran torpaqları üçün xarakterikdir. Əksər hallarda halofitlər şirəli olur. Ətli şorangə yüksək şoranlaşmış torpaqlarda və quru şoran torpaqlarda çox geniş yayılıb.
Avan çökəkliyi və Kotay yaylasında ot bitkilərindən ibarət dağ-çöl qurşağı geniş sahə tutur. Relyefin müxtəlifliyi və hündürlük fərqinin 500 metrdən çox olması şəhər landşaftının formalaşmasında əsas rol oynayır. Relyefin mürəkkəbliyi şəhərsalma üçün çətin şərait yaradır. Şəhər ərazisində relyefin morfometrik təhlilləri göstərir ki, burada hamar səthlər 40 faiz, az meylli yamaclar 50 faiz, dik yamaclar isə ərazinin 10 faizini əhatə edir.
Hazırda İrəvan şəhərinin əhatə etdiyi ərazidə mövcud landşaftların 26 faizi təbii, 74 faizi isə antropogen komplekslərdir. Təbii landşaftlar əsasən şəhərətrafı ərazilərdə, çay vadilərində və şəhər daxilindəki kiçik meşəlik ərazilərdən ibarətdir.
Tarixən sənaye-texnogen landşaftların yerləşməsi çay vadiləri ilə məhdudlaşırdı. İndi isə bu landşaftlara şəhərin müxtəlif hissələrində rast gəlmək mümkündür. Bütün dövrlərdə şəhər landşaftının əmələ gəlməsi və dinamikasında əsas amillər iqlim, geoloji-geomorfoloji faktorlar, o cümlədən ərazinin təbii landşaft xüsusiyyətləri əsas rol oynayıb.

Tehsil-press.az


Oxşar xəbərlər