Ulu Öndər multikultural dəyərlərin qorunmasına daim xüsusi önəm verib

Ulu Öndər multikultural dəyərlərin qorunmasına daim xüsusi önəm verib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbir keçirib.
Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə mövcud multikultural mühit haqqında məlumat verən A.Şirinov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli-mənəvi və multikultural dəyərlərin qorunmasına daim xüsusi önəm verib. Rektor xatırladıb ki, 1994-cü ildə Bibiheybət məscid-kompleksinin bərpa olunması üçün verilən qərar Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərilən diqqətin bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, tarixi İpək Yolu üzərində yerləşən, Şərqlə-Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində prioritet istiqamətlərdən birinə çevrilib.
B.Nəbiyev Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayıb. O, YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib.

Tehsil-press.az


Oxşar xəbərlər