İlahiyyat İnstitutunda seminar: dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti

İlahiyyat İnstitutunda seminar: dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Məclisin deputatı Aydın Mirzəzadənin təqdimatında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan “Dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Tədbirdə rektor Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndərin ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarının təbliği istiqamətində apardığı uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Dövlətçiliyin inkişafında tarixi-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qorunub-saxlanılmasında onun misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimizin ilk illərində ölkəmizi yaranmış bütün bəlalardan xilas etdi.
Aydın Mirzəzadə dahi şəxsiyyətin elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan da söz açıb. Müasir Azərbaycanın bütün nailiyyətlərinin məhz Heydər Əliyev kimi milli dəyərlərə bağlı, fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu qeyd edib. O, Ulu Öndərin dövlətçilik təcrübəsinin və siyasi irsinin əhəmiyyətindən danışıb. Aydın Mirzəzadə hazırda ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin bütün sahələrdə mühüm inkişafa nail olduğunu, beynəlxalq aləmdə böyük nüfuz qazandığını qeyd edib.
Aydın Mirzəzadə daha sonra bildirib ki, Ümummilli Liderin fəaliyyəti Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir Azərbaycan dövlətinin yaranmasına gətirib çıxarıb.

Tehsil-press.az

Oxşar xəbərlər