Peruda hökumət əleyhinə aksiyaların gedişində ölənlərin sayı 17 nəfərə çatıb

Peruda hökumət əleyhinə aksiyaların gedişində ölənlərin sayı 17 nəfərə çatıb Perunun Juliaca şəhərində hökumət əleyhinə etiraz aksiyaları zamanı azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.
Bu barədə məlumat bazar ertəsi günü Puno departamentinin səhiyyə sistemi tərəfindən yayılıb. Bundan əvvəl həkimlər toqquşmalar zamanı 12 nəfərin öldüyünü bildirmişdilər. Səhiyyə sisteminin feysbuk səhifəsində dərc edilən yeni hesabatında daha beş ölüm faktının aşkarlandığı bildirilir.
Etirazçılarla polis arasında toqquşmalar yanvarın 6-da Juliaca hava limanı yaxınlığında başlayıb. Nümayişçilər prezident Dina Boluartenin istefasını və yeni seçkilər keçirilməsini tələb edirlər. Baş nazir Alberto Otarola nümayişçilərlə dialoq aparmaq üçün bu gün Punoya nümayəndə heyətinin gedəcəyini açıqlayıb.
Ötən il dekabrın 7-də prezident Pedro Kastilyo hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Aksiya iştirakçıları yolları bağlayıb, hava limanlarını ələ keçirib, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın ediblər. Dekabrda baş verən qarşıdurmalarda 30-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər