“Politico”: Qarabağdakı yerli erməni əhali anlamalıdır ki, sülh uğrunda mübarizə aparanlar arasında nə Rusiya, nə də Vardanyan var

“Politico”: Qarabağdakı yerli erməni əhali anlamalıdır ki, sülh uğrunda mübarizə aparanlar arasında nə Rusiya, nə də Vardanyan var Praqa danışıqlarında əhəmiyyətli irəliləyişlər əldə edilsə də, cəmi bir ay sonra Rusiyadan gəlmiş erməni oliqarx Ruben Vardanyanın müdaxiləsi ilə prosesdə əhval-ruhiyyə kəskin şəkildə dəyişib.
Bunu İtaliya Müdafiə Baş Qərargahının, eyni zamanda, NATO Müttəfiq Komandanlığında Yaxın Şərq və Şimali Afrika üzrə sabiq analitiki Maurizio Geri “Politico”da dərc olunan “Rusiyanın Qafqaza yeni müdaxiləsi. Ermənistanla Azərbaycan arasında sülh mümkündür, lakin Rusiyanın dəstəklədiyi oliqarx buna mane olmağa çalışır” adlı məqaləsində bildirib.
Analitik xatırladıb ki, ötən ilin payızında Avropa Siyasi Birliyinin Praqada keçirilmiş ilk sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər və beləliklə, Azərbaycanla Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb: “Bu, əlamətdar hadisə idi. Belə ki, həmin vaxta qədər Ermənistan rəhbərliyi heç vaxt Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımamışdı. Lakin belə mühüm irəliləyişlərə baxmayaraq, reallıq, əlbəttə ki, daha mürəkkəb olduğunu sübut etdi. Ermənistan və Azərbaycan arasında sülh mümkün olsa da, indi qarşıda yeni bir maneə dayanır və bu, Rusiya tərəfindən dəstəklənir”.
Analitik Maurizio Geri bildirib ki, 44 günlük müharibədən sonra Bakı regionun reinteqrasiyası üçün sürətlə hərəkətə keçib, kütləvi şəkildə basdırılmış minaların təmizlənməsi əməliyyatına böyük sərmayə yatırıb və Birinci Qarabağ müharibəsində məcburi köçkün düşmüş azərbaycanlılar arasından ilk 200 ailə artıq öz evlərinə qayıdıb.
Müəllif vurğulayır ki, 1990-cı illərdə müharibənin qurbanı olmuş azərbaycanlıların bu torpaqlara qayıtması Bakı üçün prioritet məsələdir, bununla belə, regionun etnik erməni əhalisinin inteqrasiyasına da ehtiyac var, çünki əks halda davamlı sülh əldə oluna bilməz.
Analitik qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi Praqa danışıqlarının əsas məqsədi idi və bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Lakin cəmi bir ay sonra Rusiyadan gəlmiş erməni oliqarx Ruben Vardanyanın müdaxiləsindən sonra prosesdə əhval-ruhiyyə kəskin şəkildə dəyişib.
Müəllif bildirir ki, Ruben Vardanyan Sovet İttifaqının dağılmasından sonra qanqster kapitalizminin hökm sürdüyü onillikdə Rusiyada var-dövlət qazanıb: “1985-ci ildə doğulduğu Ermənistandan ayrılan Vardanyan uzun illər Moskvada yaşayıb, keçən ilin noyabrında qəflətən Rusiya vətəndaşlığından imtina edib və Qarabağa köçərək regionun “dövlət naziri” olub. Oliqarx bu vaxta qədər Qarabağa cüzi maraq göstərib. Lakin o, qazanc əldə etmək fürsətini açıq-aydın görüb: Onun gəlişindən bir neçə həftə sonra uzun müddət işləməyən iki qızıl mədəni yenidən açılıb”.
Müəllif Vardanyanın Qarabağa gəlişinin qeyri-adi zamana təsadüf etdiyini vurğulayıb və burada narahatlıqların olduğunu əlavə edib: “Narahatlıq ondan ibarətdir ki, Vardanyan Qarabağın erməni icması arasında indi öz təsirindən ictimai rəyi sülhə qarşı yönəltmək üçün istifadə edəcək və bu, həm Bakının, həm də İrəvanın maraqları üçün fəlakət ola bilər. Burada sual yaranır: Vardanyan birdən-birə Qarabağda necə nüfuz sahibi oldu və onun bu vəzifəyə gəlməsinə kim kömək etdi?
Cənubi Qafqazda fəal olan iki əsas regional güc Türkiyə və Rusiyadır. Türkiyə Azərbaycanın müttəfiqidir, Rusiya isə ənənəvi olaraq Ermənistanı dəstəkləsə də, Paşinyan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəsinə kifayət qədər dəstək göstərmədiyinə görə tənqid edib. Bu addımı Kremlin dolayı tənqidi kimi anlamaq olar.
Bu arada Vardanyan Cənubi Qafqazı öz təsir dairəsində görən Moskva ilə yaxşı əlaqələrə malikdir. Rusiyanın bütün oliqarxları prezident Vladimir Putinin lütfü sayəsində fəaliyyət göstərir və bu səbəbdən Vardanyanın Kremlin adamı olduğuna şübhə ola bilməz. Ukrayna hökuməti Vardanyana qarşı sanksiyalar tətbiq edəndə bu sübut olunub.
Moskva 2020-ci il müharibəsinə son qoyan atəşkəs razılaşmasına vasitəçilik edib və o vaxtdan Rusiyanın sülhməramlıları orada yerləşdirilib. Avropa İttifaqının da sülh prosesində fəal iştirak etdiyi bir vaxtda, Kremlin “öz həyətindən kənara çıxmamaqda” birbaşa marağı var.
Hazırda Rusiya sülhməramlıları Qarabağı Ermənistanla birləşdirən Laçın yolunda patrul xidməti aparırlar. Bu da Vardanyanın faydalı qazıntılarını ixrac etmək üçün istifadə etdiyi marşrutdur və Moskvanın sülhməramlıları bu ixraca mane olmur”.
Analitik məqalədə azərbaycanlı ekofəalların dekabrın 12-dən Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasına da toxunub.
Müəllif bildirir ki, sülh danışıqlarını qeyri-müəyyən müddətə dayandırmaq Moskvaya öz şərtlərini diktə etməyə imkan verə bilər və bunun səbəbi Rusiyanın Cənubi Qafqazda beynəlxalq arbitr kimi mövqeyini qoruyub saxlamaq istəyi ilə bağlıdır: “Beynəlxalq ictimaiyyət Azərbaycan ilə Ermənistan arasında substantiv sülh danışıqlarını mümkün qədər tez zamanda reallaşdırmalıdır və bunu Azərbaycanın Qarabağ ermənilərinin haqlarına və təhlükəsizliyinə təminat verəcəyinə dair vədinə, eyni zamanda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacağına dair sözünə arxalanaraq edə bilər.
Amma nə olursa olsun, Qarabağdakı yerli erməni əhali başa düşməlidir ki, burada sülh uğrunda mübarizə aparan iki tərəf mövcuddur və onların arasında nə Rusiya, nə də Vardanyan var”.

Tehsil-press.az


Oxşar xəbərlər