Azərbaycan və Mərakeşin ali təhsil müəssisələri arasında əlaqələr qurulur

Azərbaycan və Mərakeşin ali təhsil müəssisələri arasında əlaqələr qurulur Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), ADA Universiteti və Azərbaycan Dillər Universitetinin təmsil olunduğu nümayəndə heyəti Mərakeşdə olub, iki ölkənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və tələbə mübadiləsi məsələləri ilə bağlı müzakirələr aparıb.
Tədbir Azərbaycanın Mərakeşdəki səfirliyinin təşkilatçılığı və Rabatın Məhəmməd V Universitetinin dəvəti ilə həyata keçirilib. Azərbaycan universitetləri haqqında Məhəmməd V Universitetində təqdimatlar olub, təhsil sahəsində anlaşma memorandumu müzakirə edilib.
Sonra Azərbaycan universitetlərinin nümayəndə heyəti Mərakeşin Ali Təhsil və İnnovasiyalar Nazirliyinin baş katibi Məhəmməd Xalfaui, əməkdaşlıq və tərəfdaşlıq məsələləri üzrə direktoru Sanaa Zebax ilə görüşüb.
Məhəmməd V Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən, UFAZ-ın tədqiqatçıları mayın 29-dan 31-dək Mərakeşdə keçiriləcək 4-cü kodlaşdırma, kriptologiya və informatika təhlükəsizliyi üzrə beynəlxalq konfransa dəvət alıblar. Bundan başqa, oktyabrın 23-dən noyabrın 4-dək Rabatda təşkil olunacaq “Post-Kvant kriptoqrafiyanın riyazi aspektləri” adlı CIMPA məktəbinə UFAZ-ın doktorant və 2-ci kurs magistratura tələbələri dəvət olunublar. Hər iki tədbir Mərakeşin Məhəmməd V Universiteti tərəfindən təşkil olunacaq. Eyni zamanda, informatika təhlükəsizliyi sahəsində doktorantların birgə rəhbərlik altında hazırlanması məsələləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər