Dillər Universitetində Çin çətirlərinin rənglənməsi üzrə master-klas

Dillər Universitetində Çin çətirlərinin rənglənməsi üzrə master-klas Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin çətirləri – Çinin mədəniyyət fenomeni” mövzusunda seminar keçirilib.
Seminarı açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin zəngin və çoxşaxəli çətir mədəniyyətinin tarixindən, “çətir” heroqlifinin yazılışındakı rəmzlərdən bəhs edib.
Seminarda ADU-nun çinşünas tələbələri Çində çətirin ixtirası ilə bağlı əfsanələr, kağız çətirlərin əsas növləri (çiçəkli, papiros kağız üzərində, ipək çap), çətirin Çində istifadə iyerarxiyası, qədim Çin imperatorlarının, məmurların, rahiblərin və adi insanların ipək və kağızdan qatlanan çətirlərinin bədii dizaynı, çətirlərlə ənənəvi rəqsin regional növləri və estetikası barədə danışıblar. Kətan və yağlı kağız kimi materiallardan düzəldilən, taxta çərçivəli və bambuk qulplu çətirlərin günbəz və çərçivəsinin hazırlanması texnologiyasının unikallığı qeyd olunub.
Tədbir çərçivəsində Xançjoudakı Çin Çətir Muzeyinin bu sənətin tarixini, sənətkarlıq texnikasını əks etdirən ekspozisiyaları ilə bağlı videoçarx nümayiş olunub.
Sonda Çin kağız çətirlərinin rənglənməsi üzrə maraqlı master-klas keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər