Uşaqlarla işləyən tərbiyəçilər və pisxoloq fikirlərini araşdıran zaman oyuncağın uşaqlar üçün nə qədər əhəmiyyətli olduğunun bir daha şahidi oldum. Oyun və oyuncaqlar uşaq inkişafı və tərbiyəsi baxımından çox əhəmiyyətli hesab edilir. Uşağa oyun imkanları verməklə yanaşı, oyunla bağlı maarifləndirici materialların verilməsi diqqət tələb edən bir məsələdir. Oyuncaq seçimində uşağın yaşına, inkişaf səviyyəsinə, qabiliyyətinə, maraq və ehtiyaclarına uyğun üstünlüklər verilməlidir. Uşağın öz cinsinə görə oyuncaqlarla oynamağa üstünlük verməsi onun gender rolunu öyrəndiyinin göstəricisi olsa da, bu vəziyyətdə israr etməmək lazımdır. Valideynlər uşaqlarına hər iki cins üçün oyuncaqlarla oynamaq imkanı verməli və uşağı sərt qaydalarla məhdudlaşdırmamalıdırlar. Qarşı cinslə ünsiyyət qurmaq və onların oyuncaqlarını paylaşmaq kimi uşaqların qarşılıqlı əlaqəsini dəstəkləmək gender ayrı-seçkiliyini azalda bilər. Müəllimlər gündəlik fəaliyyətlərini həyata keçirərkən cəmiyyət tərəfindən uşaqlara qoyulan gender rollarına fərqli alternativlər hazırlamalıdırlar. Demək olar ki, uşaqların yaradıcılığının artırılması, inkişafın bütün sahələrinə daha yaxşı dəstək olmaq üçün məktəbəqədər dövrdə bədii təhsilə, oyuncaqlara, oyun materiallarına daha çox önəm verilməlidir. Bu səbəbdən də bu məsələlərlə bağlı valideynlərin və pedaqoqların məlumatlandırılması vacib hesab edilir. Məktəbəqədər təhsildə uşaqların vizual qavrayış inkişafını dəstəkləyən fəaliyyətlər mövcuddur. Bu fəaliyyətlərdən biri də öyrədici oyuncaqlardır. Öyrədici oyuncaqlar uşaqlara oynayaraq öyrənməyə, anlayışlar inkişaf etdirməyə, əşya və hadisələri daha yaxşı başa düşməyə imkan verən, yəni uşaqların zehni inkişafına kömək edən oyuncaqlardır. Uşaqlar bu oyuncaqla oynayarkən oyuncağın məqsədinə uyğun müəyyən göstərişlərə əməl etmək və müəyyən müddət ərzində fəaliyyətə davam etmək kimi davranışlar əldə edirlər. Maarifləndirici oyuncaqlarla hadisələr və obyektlər arasında səbəb-nəticə, oxşarlıq, hissə-hissə əlaqələr qurmaqla və ya onları müəyyən bir xüsusiyyətə görə çeşidləyib qruplaşdırmaqla forma-yer ayırma, əl-göz koordinasiyası, əqli inkişaf, kiçik əzələ inkişafı, qavrayış və ya baş vermə ardıcıllığı, müqayisə etmək, yadda saxlamaq, qərar qəbul etmək, oxşar və fərqli cəhətləri dərk etmək, vizuallaşdırma bacarıqlarını daha çox inkişaf etdirir. Öyrədici oyuncaqlarla oyunlar uşaqlara müəyyən bir mövzunu qavramağa, diqqətini cəmləməyə və sınaq-səhv yolu ilə problemlərin həlli yollarını tapmağa imkan verir. Erkən uşaqlıq dövründə uşağın simvollardan istifadə, qavrayış, yeni anlayışlar yaratmaq və bütün inkişafı kimi koqnitiv bacarıqları dəstəkləmək üçün öyrədici oyuncaqlardan istifadə etməsi olduqca faydalıdır.
Tehsil-press.az
Tehsil-press.az