UNEC-də “Qeyri-akademik transkript” layihəsi müzakirə olunub

UNEC-də “Qeyri-akademik transkript” layihəsi müzakirə olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış təhsil mütəxəssislərinin iştirakı ilə “Qeyri-akademik transkript” layihəsinin müzakirəsi keçirilib.
Rektor Ədalət Muradov regionda ilk dəfə UNEC-də tələbələrin bacarıqlarının qiymətləndirilməsi məqsədilə “Qeyri-akademik transkript” layihəsinə start verildiyini bildirib. UNEC-də yeni standartlar hazırlanan zaman məcburi fənlər qrupuna 3 fənnin əlavə olunduğunu diqqətə çatdıran rektor bu istiqamətdə Karyera planlaması kafedrasının yaradıldığını qeyd edib. Rektor qeyri-akademik transkriptin təhsil ekspertləri ilə metodoloji müzakirəsindən sonra iş dünyasının təmsilçiləri ilə görüşün keçiriləcəyini deyib: “Qeyri-akademik transkriptdə iş dünyasının müəyyən etdiyi meyarlar əsasında qiymətləndirmələr aparılacaq. Məzunların işə qəbulu zamanı müsahibə mərhələsinə ehtiyac qalmayacaq. Düşünürəm ki, iş dünyasında qeyri-akademik transkript akademik transkriptdən daha üstün tutulacaq. Sürətlə dəyişən dünyada dəyişməyən bacarıqlara fokuslanmaq daha önəmlidir”.
Professor Ədalət Muradov gələcəkdə kənar şəxslər üçün də yumşaq bacarıqların qiymətləndirilməsi xidmətinin göstəriləcəyinin nəzərdə tutulduğunu vurğulayıb.
Sonra Karyera planlaması kafedrasının müəllimi Asəf Zeynalov qeyri-akademik transkriptin mahiyyəti, qiymətləndirmə meyarları barədə təqdimatla çıxış edib.
Məruzəçi tərəfindən təhsil mütəxəssislərinin sualları cavablandırıldıqdan sonra tədbir müzakirələrlə davam edib. Layihənin vacibliyindən danışan təhsil mütəxəssisləri yumşaq bacarıqların formalaşdırılmasının əhəmiyyətini, bu bacarıqların bütün sahələrdə tətbiqinin zəruriliyini vurğulayaraq, qeyri-akademik transkript layihəsinin tətbiqini yüksək qiymətləndiriblər. Layihə ilə bağlı önəmli məqamları qeyd edən mütəxəssislər təkliflər səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər