ADNSU məktəblilərə kitab dəsti hədiyyə edib

ADNSU məktəblilərə kitab dəsti hədiyyə edib [b]Bakı şəhəri 300 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən texniki-populyar seriyadan 16 kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov “Heydər Əliyev İli” çərçivəsində dəyərlərin təbliği ideyasının işığında ADNSU tərəfindən məktəblilərə kitab dəstinin hədiyyə edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. Texniki-populyar seriyanın texniki sahələr üzrə əhəmiyyətli vəsait olduğunu deyən A.Məmmədov bu kitablardan tələbələrlə yanaşı, magistrantlar, doktorantlar, müəllimlər və elmi işçilərin, hətta məktəblilərin də faydalana biləcəklərini söyləyib. O, məktəblilərə təqdim olunan bu kitabların gələcəkdə onların ali təhsil pillələrində yüksəlməyində, bir şəxsiyyət kimi formalaşmağında böyük rol oynayacağını diqqətə çatdırıb.
Daha sonra kitabın müəllifləri və ADNSU-nun dekanları Naməd Paşayev, Aydın Əliyev, Fərid Ağayev, İlham Rüstəmov 16 kitabdan ibarət texniki-populyar seriya barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, texniki-populyar seriya Azərbaycanda elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Müəlliflər İstanbul şəhərində çap olunmuş bu kitabların gənclərin düzgün ixtisas seçimində onlara böyük dəstək olacağını diqqətə çatdırıblar.
ADNSU-nun prorektoru dosent Ata Babayev çıxışı zamanı universitetdə mütəmadi olaraq elmin müxtəlif sahələri üzrə, xüsusilə texniki, kimya, energetika və geologiyaya həsr olunmuş kitabların nəşr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün təqdim olunan kitab dəsti həm müəllimlərin, həm də şagirdlərin inkişafı üçün faydalı olacaq.
Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

[b]Tehsil-press.az[/b]

Oxşar xəbərlər