BSU-nun nümayəndə heyəti Bolqarıstanda səfərdədir

BSU-nun nümayəndə heyəti Bolqarıstanda səfərdədir Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər edib.
Səfər Bolqarıstan universitetləri ilə əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin Azərbaycanda bolqar dilinin və Bolqarıstanda Azərbaycan dilinin tədrisi, öyrənilməsi sahəsində universitetlərarası əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru professor Anastas Qercikovla görüşdə Anar Nağıyev qeyd edib ki, BSU-da bolqar dili 1996-cı ildən tədris olunur. Hazırda bolqar dilini öyrənən tələbələrin və bolqar dili, mədəniyyəti və tarixi sahəsində tədqiqat aparan doktorantların ümumi sayı 60 nəfərdən çoxdur. Rektor Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə verdiyi dəstəyə görə rektor A.Qercikova təşəkkür edib və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb. A.Qercikov iki universitet arasında birgə tədqiqat layihələri, tələbə-müəllim mübadiləsi və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təklif və səyləri razılıqla qarşılayıb.
Görüşdə, həmçinin Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov iştirak edib.
Səfər çərçivəsində BSU-nun nümayəndə heyəti Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illik yubileyi münasibətilə təşkil olunmuş “Azərbaycan bolqar uşaqlarının gözü ilə” uşaq rəsmləri sərgisində iştirak edib. Daha sonra Sofiya Universitetinin Klassik və müasir filologiya fakültəsinin dekanı professor Madlen Danova, Slavyan filologiyası fakültəsinin dekanı dosent Boyko Pençev, Şərq Dilləri və Mədəniyyətləri Mərkəzinin direktoru professor İvo Panov, Türkologiya və Altayşünaslıq kafedrasının müdiri professor İrina Saryivanova ilə görüşlər keçirilib.
BSU-nun nümayəndə heyətinin iştirakı ilə Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş guşənin açılışı olub. Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska qeyd edib ki, müasir Azərbaycan dövlətinin inkişafında müstəsna rol oynamış görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə universitetdə ilboyu bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Guşənin açılışında çıxış edən Sofiya Universitetinin prorektoru professor M.Stoyçeva ölkələr arasında təkcə iqtisadi sahədə deyil, həm də təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin təməlinin qoyulmasında Heydər Əliyevin mühüm rolunu qeyd edib.
BSU-nun rektoru Mərkəzdə tələbələrin qarşısında Azərbaycan dilində geniş məruzə ilə çıxış edib. Rektor çıxışında həm Bolqarıstan, həm də Azərbaycanın multikultural dəyərlərə sahib olduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qafqaz regionunda ən güclü ölkə olduğunu və ölkəmizdə etnik qrupların sülh şəraitində və qarşılıqlı hörmət əsasında yaşadığını nəzərə çatdırıb. Azərbaycanın bugünkü uğurlarının kökündə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin durduğunu deyən A.Nağıyev iştirakçılara Ümummilli Liderin zəngin dövlətçilik irsi haqqında məlumat verib. Ulu Öndərin Azərbaycanda təhsil sisteminin inkişafındakı rolundan, onun uzaqgörən siyasəti nəticəsində ali təhsil müəssisələrinin sayının artmasından, o cümlədən Azərbaycanda bolqar, polyak, çex, Ukrayna və s. kimi müxtəlif slavyan dilləri üzrə ixtisaslaşan ilk ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin tarixi və fəaliyyəti barədə danışıb.
Daha sonra nümayəndə heyəti Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxanada da olub. Görüşdə Milli Kitabxananın direktor müavini Vanya Avramova Bolqarıstanın ən böyük kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıqdan və Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə həyata keçirdiyi birgə layihələrdən danışıb. Görüşün sonunda Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, Azərbaycanın mədəni irsinin formalaşmasında rolundan bəhs edən kitablar Azərbaycan guşəsinə hədiyyə edilib.
Qeyd edək ki, BSU-nun nümayəndə heyəti üçgünlük səfər müddətində Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universiteti, Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğu, Paisiy Hilendarskiy adına Plovdiv Universitetində və Bolqarıstan Elmlər Akademiyasında görüşlər keçirəcək.

Tehsil-press.az



Oxşar xəbərlər