Misirin Ayn-Şəms Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Misirin Ayn-Şəms Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misirin nüfuzlu Ayn-Şəms Universitetində olub.
Diplomatımızın universitetin rektoru, professor Mahmud Əl-Məteyni ilə görüşü zamanı Ayn-Şəms Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Universitetin professor və müəllim heyətinin də iştirak etdiyi görüş əsnasında İncəsənət fakültəsində Azərbaycan dilini öyrənən tələbələr üçün yeni auditoriya yaradılması ilə bağlı addımlar müzakirə edilib. Tərəflər Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə İncəsənət fakültəsində Azərbaycan dili üzrə təhsil alan tələbələrə ölkəmiz haqqında daha çox məlumat əldə etmək imkanı yaradılması və universitet ilə Azərbaycan universitetləri arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Ayn-Şəms Universitetinin rektoru iki ölkə arasında mövcud olan dostluq əlaqələrini yüksək qiymətləndirib, universitetin müxtəlif sahələrdə elmi-tədqiqat səviyyəsini yüksəltmək üçün bütün yerli və beynəlxalq qurumlarla əməkdaşlıq üçün öz qapılarını hər zaman açdığını vurğulayıb. O əlavə edib ki, İncəsənət fakültəsində Azərbaycan dilini öyrənən tələbələrə dəstək olacaq auditoriyanın tez bir zamanda istifadəyə verilməsi üçün bütün addımlar atılacaq.
Azərbaycan səfiri, öz növbəsində, Ayn-Şəms Universiteti ilə ölkəmizin ali təhsil ocaqları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib, bu universitetin elmi tədqiqat və təhsil sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan tərəfi Misir universitetləri ilə akademik və mədəni əməkdaşlığı genişləndirməyə hazırdır.
Görüşdən sonra professor Mahmud Əl-Məteyni Azərbaycan səfirini İncəsənət fakültəsində xüsusi proqramlar binası və əməkdaşlıq çərçivəsində yaradılacaq auditoriya üçün nəzərdə tutulmuş qərargahla tanış edib. O bildirib ki, zalda kompüter və printerlərlə yanaşı, zəngin kitabxana da olacaq. Burada, həmçinin tələbələr üçün müsabiqələr, elmi-tədqiqat və elmi fəaliyyətlər, seminarlar və mədəniyyət günləri keçiriləcək, onlara Azərbaycan haqqında daha çox məlumat əldə etmə imkanı yaradılacaq.
Sonda səfirliyin adından universitet kitabxanasına Azərbaycan haqqında ərəb və ingilis dillərində kitablar hədiyə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər