Qahirə Universiteti ilə Azərbaycan alimləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Qahirə Universiteti ilə Azərbaycan alimləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Qahirə Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı ilə keçirilən görüşlərdə azərbaycanlı alimlərlə və ali təhsil müəssisələri ilə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qahirə Universitetinin ərəb dili fakültəsinin dekanı Şərif Kamil və Şərq dilləri kafedrasının müdiri Nəcla Salem ilə keçirilən görüşlərdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov, universitetinin müəllimləri və tələbə heyəti iştirak ediblər.
Görüşlərdə Qahirə Universiteti ilə AMEA-nın Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq, o cümlədən qarşılıqlı səfərlər və tələbə mübadiləsi, birgə elmi konfransların təşkili məsələləri müzakirə olunub, Misirin bu ali təhsil ocağında Azərbaycan dilinin tədrisinə olan maraq vurğulanıb. Bu məsələdə tədqiqatçı-alim Seymur Nəsirovun fəaliyyəti və Azərbaycan səfirliyinin dəstəyi xüsusi olaraq qeyd edilib. Həmçinin qədim ərəb əlyazmalarının azərbaycanlı alimlər tərəfindən tədqiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qahirə Universitetinin əməkdaşlarının diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən İƏT-ə üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı proqramı çərçivəsində misirli tələbələrin də ölkəmizin universitetlərində təhsil alması nəzərdə tutulub.
Sonda Qahirə Universitetinin dekanı və kafedra müdirinə xatirə hədiyyələri təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər