Azərbaycan və Qazaxıstan arasında inteqrasiya, çağırışların dəf edilməsi, türkçülük ideologiyasının inkişafı üçün ciddi işlər aparılır

Azərbaycan və Qazaxıstan arasında inteqrasiya, çağırışların dəf edilməsi, türkçülük ideologiyasının inkişafı üçün ciddi işlər aparılır Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq arenada vacib görüşlər keçirməyə davam edir. Dünyanın az qala bütün regionları ilə əməkdaşlığını genişləndirən Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən birini türk dünyası, Mərkəzi Asiya respublikaları ilə siyasət təşkil edir. 44 günlük müharibəyə qədər Asiyanın mərkəzində yerləşən keçmiş SSRİ-yə daxil olan dövlətlərlə strateji müttəfiqliyini inkişaf etdirən rəsmi Bakı şanlı zəfərdən sonra münasibətlərə yeni çalarlar qataraq böyük Turanın fəlsəfi-ideoloji doktrina kimi tətbiqindən tutmuş hazırda dünyada dəyişməkdə olan geosiyasi, geoiqtisadi və kommunikasiya-nəqliyyat konfiqurasiyasında əlaqələrə yeni çalarlar qatmağı bacarıb.
Sözsüz ki, Mərkəzi Asiya dövlətləri haqqında danışarkən bölgənin coğrafi cəhətdən ən böyük, təbii enerji resurslarına görə Avrasiyanın vacib dövləti Qazaxıstanla münasibətlər xüsusi yer tutur. Azərbaycan və Qazaxıstan xalqları ciddi tarixi sınaqlardan keçərək hazırda suverenliklərini qorumağı bacarıb, bu gün hər iki respublika üçün yeni imkanlar və perspektivlər açılıb.
Xəbər verildiyi kimi, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri baş tutdu. Olduqca məhsuldar keçən səfər zamanı “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandum”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzalanıb.
İkitərəfli görüşlərdən sonra mətbuata bəyanat verən dövlət başçıları ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndiriblər. Azərbaycan Prezidenti qeyd edib ki, “Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. "Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir" .
Qazaxıstan Prezidenti də ikitərəfli münasibətlərdən danışarkən ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O bildirib ki, “Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək”.
Qeyd edilməlidir ki, Azərbaycan və Qazaxıstan hazırda xarici siyasətdə oxşar çağırışlarla üz-üzə qalmaqdadır. Lakin bütün çətinliklərə baxmayaq, hər iki ölkə müstəqilliyini qoruyub saxlamaqla yanaşı, milli suverenliklərini inkişaf etdirməyi də bacarıb. Xüsusilə vurğulamaq lazımdır ki, hazırda Şərqi Avropanın Qara dəniz-Xəzər sahillərində geosiyasi güclər arasında mübarizənin şiddətləndiyi bir vaxtda Azərbaycan və Qazaxıstan arasında siyasi müttəfiqlik təhlükəsizlik və suverenlik amilləri baxımından olduqca vacib nüans kimi qeyd edilməlidir. Təsadüfi deyil ki, Azərbaycan lideri mətbuata bəyanatı zamanı aşağıdakıları qeyd edib: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir”.
Təsadüfi deyil ki, səfər zamanı Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə işlərə başlanması haqqında qərarlar verilib. Məlumdur ki, hazırda Ukraynadakı müharibə fonunda dünya bazarına çıxmaq üçün Qazaxıstan bəzi çağırışlarla üz-üzə qalıb. Xəzər Boru Kəməri Konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri mövcud olsa da, Aktau-Bakı marşrutu hazırda perspektivli istiqamət kimi qəbul edilir və artıq bu ildən etibarən adıçəkilən marşrut üzrə nəqlə başlanılıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. Qazaxıstan neftinin BTC ilə tranziti Aktau limanından Səngəçal terminalına çatdırılması məqsədilə 2023-cü ilin sonuna qədər Xəzər dənizi ilə 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, mart ayında “KazTransOil” Kaşaqan yatağından 7 ton neftin BTC ilə Azərbaycandan keçməklə tranzitini sınaqdan keçirib. Beləliklə, 2023-cü ilin birinci rübündə Azərbaycan vasitəsilə Qazaxıstan neftinin ümumi tranziti 27 min tona yaxın təşkil edib.
Sözsüz ki, Qazaxıstan neftinin Avropaya nəqlində Azərbaycanın rolunun artması gələcəkdə Qərbin enerji təhlükəsizliyi üçün Xəzər hovuzunun rolunun daha da artmasına, nəticədə Bakı və Astananın daha böyük enerji layihələrini reallaşdırmalarına səbəb olacaq.
Bu da son deyil, Azərbaycan Gürcüstan və Qara dənizinin qərb sahillərində yerləşən dövlətlərlə sazişin ardından bu dəfə Qazaxıstanla Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini planlaşdırır. Qeyd etmək yerinə düşər ki, Xəzər sahili ölkələrindən Türkmənistanla da eyni layihənin həyata keçirilməsi haqqında ötən ilin noyabr ayında Bakı və Aşqabad arasında razılıq əldə olunmuşdu. Transxəzər fiberoptik rabitə xəttinin çəkilməsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir. Rəsmi Bakının Avropa və Asiya dövlətləri ilə, daha konkret desək Avrasiyanın orta xətti üzərində yerləşən ölkələrlə fiberoptik xətlərlə bağlı layihəni reallaşdırması, sözsüz ki, ölkəmiz üçün regional rəqəmsal mərkəzə çevrilmək deməkdir.
Səfər zamanı, həmçinin, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunulub. Qazaxıstan Prezidentinin Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı mövqeyini alqışlayan Prezident İlham Əliyev rəsmi Bakının sülh əzmində olduğunu vurğulayıb. O bildirib: “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.
Hazırda Qazaxıstanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbçilərinin Qərbi Zəngəzur bölgəsində monitorinq aparılmasının mümkünlüyü ilə bağlı Moskva və İrəvan arasında danışıqların, eyni zamanda ABŞ, Rusiya və Aİ-in mediatorluğu ilə sülh prosesi ilə bağlı dialoqun davam etdiyi bir vaxtda Azərbaycan liderinin humanizmə, sabitliyə çağırış bəyanatı sözsüz ki, ölkəmizin beynəlxalq müstəvidə imici üçün vacibdir. Bununla da, rəsmi Bakı çoxəsrlik düşmənçilik səhifəsinin silinməsi üçün gələcəyə baxmağın faydalı olacağını, məhz beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi ali dəyərlərin əsasında sülhə hazır olduğumuzu bildirmiş oldu. Bu, əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmaması üçün min bir bəhanə gətirməsinə qarşı istifadə edilmiş ifadədir. Hər bir qonşu dövlət arasında olduğu kimi, Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi məhz sərhədlərin toxunulmazlığı və vahid ərazidə suverenlik prinsipləri əsasında bağlanmalıdır. Paşinyan KTMT ətrafında davam etdirdiyi manipulyasiya fonunda təşkilatın Qazaxıstan qismində üzvünün məsələlərdən çox yaxşı agah olmasını bilməli və İrəvanın sərhəddə təxribatları təqdirində, haylar rəsmi Astananın kimin yanında yer alacağından agah olmalıdırlar.
Səfər zamanı yaddan qalan hissələrdən biri Ulu Öndər Heydər Əliyevə qardaş Qazaxıstanda verilən dəyər və onun adının qardaş ölkədə ehtiramla yad edilməsi oldu. Hər iki dövlət başçısı aprelin 10-da Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər. Bu, hadisə həm də erməni yalanlarına bir zərbə kimi qiymətləndirilməlidir. Çünki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, eyni zamanda qardaş qazax xalqının da erməni zülmünə qarşı mübarizəsinə töhfə vermiş dahi şəxsiyyət kimi tanınır.
Məsələ ondadır ki, ermənilər təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda özbəklərə, qazaxlara bütövlükdə türk xalqlarına qarşı daim amansızlıqları ilə seçiliblər. Təkcə 1937-38-ci illərdə Qarabağda anadan olan Levon Mirzoyanın Qazaxıstana başçılıq etdiyi dövrdə orada yüz minlərlə günahsız insan repressiyaya məruz qalıb. Onların bir çoxu güllələnib. 1980-ci illərin sonlarında Ümummilli Lider Heydər Əliyevin qazax xalqının müdafiəsi və iki ölkə arasında münasibətlərin inkişafına verdiyi əsaslı töhfələri, əlbəttə ki, qardaş xalq unutmayıb. Mətbuat qarşısında çıxışı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayev Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə toxunaraq bildirib: “Bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək. Rəmzi haldır ki, bu tədbirlərə start verəcək hadisə bizim bu gün Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında iştirak etməyimiz olacaq. “Qazaxıstan” telekanalı da Heydər Əliyev haqqında “Görkəmli həyat” adlı nadir sənədli film hazırlayıb. Film bu gün ölkəmizin milli televiziyasının efirində göstəriləcək. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir”.
Qeyd edilməlidir ki, son bir neçə ildə Azərbaycan və Qazaxıstan arasında dövlətlərin bir-birinə inteqrasiyası, hər iki xalqın qarşısında dayanan çağırışların dəf edilməsi, türkçülük ideologiyasının inkişafı üçün ciddi işlər aparılmaqdadır. Hazırda iki ölkə arasında siyasi tədqiqatçıların, politoloqların dialoqu intensivləşməkdədir, eyni zamanda ali təhsil müəssisələri və media institutları arasında da əlaqələrə start verilib. Yuxarıda deyilənləri nəzərə alaraq, əminliklə deyə bilərik ki, Azərbaycan və Qazaxıstan xalqlarının tarixi köklərə qayıtması, bir-birinə daha da yaxınlaşması reallığa çevriləcək. Beləcə, Azərbaycan və Qazaxıstan arasında bugünkü əməkdaşlıq yaxın gələcəkdə hərbi-siyasi ittifaq və vahid siyasi məkan halında güclənəcək.

Bakı Politoloqlar Klubunun rəhbəri,
Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının üzvü
Zaur Məmmədov



Oxşar xəbərlər