ICESCO üzv dövlətləri kosmik elmlərə sərmayə qoymağa təşviq edəcək

ICESCO üzv dövlətləri kosmik elmlərə sərmayə qoymağa təşviq edəcək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik ABŞ-nin Kolorado ştatında Kosmos Fondunun təşkil etdiyi 38-ci Kosmik Simpoziumda iştirak edən təşkilatın elm sektorunun nümayəndə heyətinə başçılıq edir.
1984-cü ildən bəri hər il təşkil edilən simpoziumun builki sessiyası 14 minə yaxın iştirakçının və 250-dən çox beynəlxalq korporasiyanın iştirakı ilə dörd gün ərzində keçirilir. Simpozium kosmik siyasət və proqramları müzakirə edən, həmçinin kosmik elmlər sahəsində ən son inkişafları vurğulayan tədbirdir. ICESCO-nun bu beynəlxalq tədbirdə iştirakı onun vizyonunu və strateji istiqamətlərini əks etdirir ki, bu da həm üzv dövlətləri kosmik elmlərə sərmayə qoymağa təşviq etmək, həm də gələcəyin çağırışlarını qabaqcadan görmək və son nəticədə davamlı inkişafa nail olmaq, sülhü təmin etmək üçün elmi nailiyyətlərlə ayaqlaşmaq deməkdir.
Baş direktor və onu müşayiət edən nümayəndə heyəti, həmçinin İslam dünyasında kosmik elmlərin təşviqi istiqamətində bu qurumlarla ICESCO arasında əməkdaşlığın perspektivlərini araşdırmaq məqsədilə kosmos sahəsində çalışan şirkətlərin rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Amerika Kosmos Fondunun baş icraçı direktoru Tomas Zelibor ilə görüş zamanı ICESCO və Fond arasında kosmik elmlər, müasir texnologiya və süni intellekt sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Baş direktor ICESCO ilə Amerika Kosmik Fondu arasında yüksək əməkdaşlığa və 2021-ci ilin avqustunda iki tərəf arasında imzalanmış sazişin şərtlərinin yerinə yetirilməsinə görə minnətdarlığını bildirib. Qeyd edək ki, Memorandum birgə seminarların təşkili, innovasiyaların təşviqi və davamlı inkişaf məqsədlərinə xidmət etmək üçün kosmik elm tətbiqlərindən faydalanmaqla kosmik elm sahəsində İslam ölkələrindəki gənclərin ixtisas və bacarıqlarının artırılmasını nəzərdə tutur.
T.Zelibor rəhbərlik etdiyi Kosmik Fondun və ICESCO-nun əlaqələrinin İslam dünyası ölkələrində bir sıra kosmik agentliklər və bu sahədə aparıcı tədqiqat mərkəzləri ilə əməkdaşlıq üçün yeni üfüqlərin açılmasında əhəmiyyətini bir daha təsdiqləyib.
Görüşdə tərəflər arasında həyata keçirilən birgə proqram və layihələrin nəticələrinə toxunulub, əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, yeni birgə proqram və layihələrin razılaşdırılması üçün koordinasiyanın davam etdirilməsi barədə razılıq əldə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər