ICESCO təhsilin yeni çağırışlara uyğun təşkili mövzusunda seminar təşkil edib

ICESCO təhsilin yeni çağırışlara uyğun təşkili mövzusunda seminar təşkil edib İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) gənclər üçün “Gələcəyin peşə və bacarıqları” mövzusunda virtual seminar təşkil edib. Tədbir UNICEF, Dünya Ərzaq Proqramı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilib.
Seminarda çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik keçmişdə mövcud olmuş peşələrin 50 faizdən çoxunun sıradan çıxdığını, yaxın 10 il ərzində daha 14 faizinin də tarixə qovuşacağını deyib. O əlavə edib ki, IV Sənaye İnqilabı nəticəsində yeni peşələr, texnoloji tərəqqinin zəruri etdiyi ixtisaslar meydana çıxır. “COVID-19 pandemiyası ən müasir texnologiyalardan istifadəni artırıb. İnnovativ resurslar İslam dünyasında gənclərin müvafiq peşələrə yiyələnməsini tələb edir. Ənənəvi təhsil metodları daha mükəmməl və texnoloji əsaslarda həyata keçirilən üsullarla, xüsusən süni intellektlə əvəz edilir. ICESCO bu dəyişiklikləri dəstəkləmək üçün yeni proqram və layihələr həyata keçirir. Təşkilat gənc oğlan və qızlar üçün treninqlər keçirilməsini nəzərdə tutur. Biz keçmişin faydalı ənənələrini unuda bilmərik, lakin yeni çağırışlara da uyğunlaşmalıyıq”, - deyə Baş direktor vurğulayıb.
Açılış nitqindən sonra ICESCO-nun mədəniyyət və kommunikasiya bölməsinin müdiri, professor Məhəmməd Zeynalabdinin sədrliyi ilə keçirilən panellərdə İslam ölkələri və Avropanın aparıcı universitetlərinin müəllimləri və tələbələri innovativ metodlar, inklüziv təhsil və tədrisin yeni şəraitə uyğunlaşdırılması mövzularında fikirlərini çatdırıb, yeni təkliflər irəli sürüblər. Həmçinin qlobal əmək bazarında yeni tələblərə cavab verən ixtisasların tədrisi sahəsində qarşıda duran vəzifələrdən bəhs edilib.

Tehsil-press.az


Oxşar xəbərlər