BDU-nun rektoru ICESCO-nun Beynəlxalq Aerokosmik Simpoziumunda iştirak edib

BDU-nun rektoru ICESCO-nun Beynəlxalq Aerokosmik Simpoziumunda iştirak edib İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) təşkil etdiyi Birinci Beynəlxalq Aerokosmik Simpoziumunda təşkilata üzv ölkələrin kosmik tədqiqatlar və texnologiyalar üzrə əməkdaşlığının perspektivləri müzakirə olunub. Tədbirə təşkilata üzv ölkələrin bu sahədə rəsmi şəxsləri, ABŞ, Yaponiya, Avropa ölkələrinin ekspertləri, alimlər, astronavtlar qatılıblar. Bakı Dövlət Universitetinin rektoru, professor Elçin Babayev simpoziumda videokonfrans formatında iştirak edib.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik açılış nitqində aerokosmik elminin peyklər vasitəsilə quraqlığın qarşısının alınması, təbii fəlakətlərin zərərlərinin azaldılması, xəritəçəkmə texnologiyasının təkmilləşdirilməsi, miqrasiyanın önlənməsi, iqtisadiyyatın planlı şəkildə inkişafı baxımından müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O əlavə edib ki, təşkilata üzv ölkələrlə birlikdə layihələr və proqramlar həyata keçiriləcək, gənclər üçün təlim kursları, universitetlərdə tədqiqatlar aparılacaq.
ICESCO-nun aerokosmik texnologiyalar üzrə müşaviri Məhəmməd Şərif həyata keçiriləcək layihələr, dünyanın aparıcı kosmik gücləri ilə əməkdaşlığa dair proqramlar barədə məlumat verib.
BDU-nun rektoru Elçin Babayev çıxışında qeyd edib ki, Azərbaycan kosmik klubun üzvüdür və indiyədək fəzaya 3 peyk buraxıb. O, “Kristina Korps” təşkilatının “Kosmos - ən yaxşı həyat naminə” təşkilatının səylərini yüksək qiymətləndirib və kosmik tədqiqatlar sahəsində universitetlərin daha sıx əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər