Saymağı bacaran, çətin riyazi məsələlər həll edən heyvanlar... – Nələrdən xəbərsizik?

Saymağı bacaran, çətin riyazi məsələlər həll edən heyvanlar... – Nələrdən xəbərsizik? Heyvanlarda riyazi hesablama bacarıqlarını araşdırmaq cəhdləri hələ XIX əsrin sonlarında atılıb. Hər şey təqaüddə olan yaşlı alman müəllim Vilhelm von Ostenin öz atına saymağı öyrətmək istəyindən sonra yarandı. Qoca müəllim atına xüsusi üsullarla toplama və çıxma əməllərini öyrətdiyini və heyvanın da bunu çox yaxşı bacardığını düşünürdü. O, buna tam əmin idi. Çünki istənilən hesab əməlini atı üçün yazar, yaxud səsləndirər (məsələn, 3+5), minik heyvanı da alınan rəqəmə uyğun olaraq ayaqları ilə yeri eşərmiş. Məsələn, bu misalın cavabına əsasən ayaqları ilə torpağı 8 dəfə dırnaqları ilə eşərmiş.
Vilhelmin atının bu qeyri-adi bacarığı dövrün elmi mərkəzlərinin də diqqətini çəkmiş və onlar müəllimin evinə gələrək bu sirri araşdırmağa başlamışlar. Amma nəticə qoca müəllimin o qədər də ürəyincə olmur. Alimlər atın hesablama bacarığının olmadığını üzə çıxarır. Bu zaman sual yaranır: bəs at hər dəfə hesablamanın düzgün cavabına uyğun şəkildə ayaqlarını niyə yerə sürtür, alınan rəqəmdən nə bir dəfə az, nə də bir dəfə çox olmamaqla necə reaksiya verərmiş?
Araşdırma qrupu bunun da cavabını tapır: onlar tədqiq edilər ki, Vilhelmin atı hesablamağı bacarmasa da o sahibinin göstərmək istədiyi işarələrə çox doğru reaksiya verə bilirmiş. Yəni, Vilhelm hər misalın cavabını özü də bildiyindən alınan rəqəmi özündə gizləyən hərəkətlər etmiş, işarələr bildirmişdir. Atın xüsusi bacarığı isə həmin işarələr sisteminə doğru reaksiya vermək olubmuş...
Bu hadisə qoca müəllimi məyus etsə də, o zamanın elmi mənzərəsi üçün tam yeni bir ideyanı ortaya atmış olur: heyvanların, eləcə də quşların rəqəmlərə, ümumiyyətlə, riyazi hesablamalara reaksiyaları necədir? Onlarda bu proses nə dərəcədə gedir?
Bu məqsədlə insan ayağının az dəydiyi, cır meşədə bir elmi təcrübəyə başlayırlar. Xüsusi araşdırma qrupu qidalarını hər dəfə ağaclara qonaraq oradakı qurd, böcəklərlə təmin edən quşlar üçün oyuqlara müəyyən sayda həşəratlar yerləşdirirlər. Quşlar bir neçə gün onlar üçün oyuqlara qoyulan bəlli sayda qurdları yeyir, sonra ağacı tərk edirdilər. Tədqiqat qrupunun rəhbəri K.Burns bir gün fərqli qərar verir: o hər gün oyuqlara yerləşdirdiyi qurdlardan az sayda qida qoyaraq quşların reaksiyasını gözləyir. Bir müddət keçəndən sonra oyuğa yaxınlaşan quşlar onları gözləyən qurdlara toxunmayaraq ağacın budaqlarını didməyə başlayırlar. Alimlər onların bu hərəkətini analiz edərək, quşların rəqəmlərə olan reaksiyalarını aydın şəkildə üzə çıxarmışlar. Sən demə, qurd sayının azaldığını hesablaya bilən quşlar qida ehtiyatı tam tükənməsin deyə oyuqlara toxunmamış, ağacdakı cücülərlə qidalanmışlar. Qısası desək, hər gün oyuğa 8 ədəd qoyulan qurdların, bir gün dördə enməsi onları bu addımı atmağa məcbur edir. Demək, quşlar da əşyaları saymağı bacarır və buna uyğun reaksiya verirlər. Araşdırma nəticəsində o da məlum olur ki, bəzi quşlar 4-ə, bəziləri 8-ə, hətta bir qismi 12-ə qədər saymağı bacarırmışlar.
Bütün bunlardan sonra heyvanların riyazi bacarıqları və rəqəmlərə reaksiyaları daha sistemli şəkildə öyrənilməyə başlanıldı. Araşdırmalardan çıxan nəticələr isə hər kəsi təəccübləndirdi. Müxtəlif heyvanlar üzərində aparılan təcrübə nəticələrindən bir neçəsini təqdim edək:
Meymunların, xüsusən də şimpanzelərin rəqəmlərə, əşyalar arasındakı say eyniliyinə həssas olduqları aşkarlandı. Müxtəlif rəngdə və sayda əşyalar ( 4 qırmızı, 5 mavi, 3 yaşıl rəngi taxtalar) qarışdırılaraq şimpanzelərin reaksiyaları yoxlanıldı. Meymunlar eyni rəngdə taxtaları yalnız saylarına uyğun şəkildə bir araya gətirdilər. Yəni, hərəsindən 3 ədəd olan taxtanı bir araya düzməklə eyniliyi qorudular. Bu hal bir neçə dəfə təkrarlandı.
Şirlərin sürüdəki heyvanları saya bilmək bacarıqları da təcrübələri zamanı üzə çıxdı. Şir sürüsündən ayrılan hansısa heyvan olduqda, öndə gedən bu əskikliyə həmən reaksiya verə bilir.
Araşdırmalar onu da üzə çıxardı ki, göyərçinlər isə təxmini hesablamalar aparmaqla, səmtlərini müəyyən etməyi və özlərini bu yolla təhlükədən xilas etməyi bacarırmışlar.
Delfinlərlə bağlı aparılan tədqiqat isə həqiqətən təəccüblü olur. İnsandan sonra ən ağıllı canlı hesab edilən delfinlərin hətta onluq say sistemi ilə də hesablama aparmağı bacarığı üzə tədqiq edildi.

Tehsil-press.az



Oxşar xəbərlər