İlahiyyat İnstitutu Neftçalada maarifləndirmə tədbiri təşkil edib

İlahiyyat İnstitutu Neftçalada maarifləndirmə tədbiri təşkil edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərə başlanılıb. İnstitutun növbəti tədbiri Neftçala rayonunda reallaşıb.
Abituriyentlərin, orta məktəb müəllimlərinin, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb. Sonra Neftçala şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva çıxış edərək gənclərin milli-mənəvi ruhda böyüməsinin vacibliyini vurğulayıb, ölkəmizdə onların savadlı kadr kimi yetişməsi üçün hər bir şəraitin yaradıldığını deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov respublikamızda ödənişsiz tədris həyata keçirən yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağın üstünlükləri və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, instituta qəbul olunacaq hər bir gəncin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Həmçinin onların yeməkpulu ilə təmin olunacaqlarını, dərslərdən əlavə, ödənişsiz xarici dil kurslarında iştirak edəcəklərini və digər üstünlüklərə sahib olacaqlarını da söyləyib.
Aİİ-nin müəllimi Ənvər Mustafayev tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb, tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edilib ki, institut kollektivi gənclərin zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən, bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində çalışır.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə instituta qəbul şərtləri barədə məlumat verib. Bildirilib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında da danışıb.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər