Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, laboratoriyanın əməkdaşları – baş elmi işçi kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva və aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayevanın həmmüəllifi olduqları məqalə Q1 kvartilli “RSC Advances” jurnalında (2026, Volume 16, pp. 6257-6287, https://doi.org/10.1039/D5RA09525E) dərc olunub.“Fire-resistant polymer composites based on mineral fillers” (Mineral doldurucular əsasında odadavamlı polimer kompozitlər) adlı icmal məqalədə polimer kompozitlərin odadavamlılıq xüsusiyyətinin yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb. Mineral doldurucu hissəciklərinin təsir mexanizmi və qarışıqdakı komponentlərin nisbətindən asılı olaraq kompozitlərin odadavamlılıq dəyişikliklərinin təbiəti nəzərdən keçirilib. Təbii və modifikasiya olunmuş mineral doldurucuların polimer kompozitlərin termiki davamlığına və odadavamlığına ayrı-ayrılıqda və birlikdə təsirləri nəzərdən keçirilib. Kompozitlərin odadavamlılıq xüsusiyyətini qiymətləndirmək üçün seolit, huntit, hidromaqnezit, sepiolit, bazalt, vermikulit, montmorillonit, perlit, talk, halloysit, kaolin və vollastonit kimi mineral dolduruculardan istifadə olunub.
Qeyd edək ki, impakt faktoru 4.6-a bərabər olan jurnal Scopus, Web of Science Science Citation Index Expanded, DOAJ, and PubMed Central və s. kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.
Tehsil-press.az







