Ulu Öndər Heydər Əliyev kitabxana quruculuğu sahəsinə xüsusi əhəmiyyət verib

Ulu Öndər Heydər Əliyev kitabxana quruculuğu sahəsinə xüsusi əhəmiyyət verib Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, BDU-nun Elmi şurasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Plana uyğun olaraq konfranslar, seminarlar, sərgilər, bilik, idman yarışları və digər tədbirlər təşkil olunur.
“Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində kitabxana işinə, kitab mədəniyyətinə yüksək qiymət verib, bu sahənin inkişafına xüsusi əhəmiyyət verib. Bu gün Heydər Əliyev siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir”, - deyə M.Süleymanov bildirib.
Konfransın plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru professor Məmməd Əliyev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı, elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva, professor Xəlil İsmayılov, universitetin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, AMEA-nın “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva çıxış ediblər. Natiqlər Ulu Öndərin kitabxana quruculuğu sahəsinin inkişafındakı tarixi xidmətlərini faktlarla diqqətə çatdırıblar.
Qeyd olunub ki, bu gün kitabxana-informasiya fəaliyyəti sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə işğaldan azad edilmiş ərazilərimizdə kitabxana infrastrukturunun qurulmasında iştirak etməkdir.
Sonra Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan plenar məruzə ilə çıxış edib.
Konfrans işini bölmə iclaslarında davam etdirib.

Tehsil-press.az



Oxşar xəbərlər