“Heydər Əliyev və Qafqazda sülh” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Qafqazda sülh” mövzusunda tədbir keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev və Qafqazda sülh" mövzusunda tədbir keçirilib.
Əvvəlcə fakültənin dekanı professor İbrahim Kazımbəyli tədbir iştirakçılarına mövzu haqqında məlumat verib.
Sonra universitetin rektoru akademik Kamal Abdulla Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi məhv olmaq təhlükəsindən xilas etdi. Onun qayıdışından sonra Azərbaycan xalqı uçurumdan döndü. Bu uçurum üzərindən Qələbəyə gedən yol açıldı. Məhz bu strateji yolun müəllifi Heydər Əliyev idi. Həmin strateji yolla xalqı uğurla irəli aparan onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu. Atəşkəs dövründə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin etməsinin və bu əsasda güclü ordu yaratmasının ən böyük nəticəsi 44 günlük müharibədə qazanılan şanlı Qələbəmiz oldu”.
Tədbirdə Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Vüqar Həsənovun "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin fəaliyyəti", həmin kafedranın dosenti Namiq Kərimovun "Heydər Əliyevin Qafqazda sülh strategiyasının iqtisadi, siyasi və mədəni aspektləri" mövzularında məruzələri dinlənilib.
Sonda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər