Elm və Təhsil Nazirliyi və KOICA ilə birgə layihənin bağlanış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyi və KOICA ilə birgə layihənin bağlanış mərasimi keçirilib Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması texniki yardım (qrant) layihəsi çərçivəsində təhvil-təslim mərasimi keçirilib.
Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə reallaşdırılıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan və Koreya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişafını vurğulayaraq iki ölkə arasında bu sahədə təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb. Müvafiq layihə çərçivəsində Koreya təcrübəsi üzrə Azərbaycan dilində müəllimlərin ixtisasartırma proqramının ilk milli elektron məzmununun hazırlandığını qeyd edən nazir müavini öyrədici təhsil resurslarının hazırlanmasının zəruriliyini bildirib.
Daha sonra çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq adıçəkilən texniki yardım layihəsinin iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığı əks etdirdiyini deyib. O, Koreya Respublikasının təhsil sahəsində ölkəmizlə mövcud əməkdaşlığının daha da genişlənməsində maraqlı olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi təsdiq edilib. Nazirlik tərəfindən layihənin icraçısı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ), benefisiarı kimi TSİİ və Azərbaycan Respublikasının Təhsil İnstitutu çıxış ediblər.
Layihənin əsas məqsədi təhsil işçilərinin peşəkar inkişafına dəstək məqsədilə elektron öyrənmə portalının yaradılması, təhsil məzmunlarının yaradılması üçün studiya otağının qurulması, Azərbaycan dilində milli elektron məzmunların yaradılması mexanizminin formalaşması və nazirliyin informasiya texnologiyalarının gücləndirilməsi olub.

Tehsil-press.az


Oxşar xəbərlər