Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbul Beynəlxalq İxtiralar Sərgisində iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbul Beynəlxalq İxtiralar Sərgisində iştirak edib Türkiyənin İstanbul şəhərində qardaş ölkənin Sənaye və Texnologiyalar Nazirliyinin, Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi” keçirilib.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini Faiq Əlizadənin rəhbərliyi ilə 10 patentin sahibi olan 5 azərbaycanlı ixtiraçı sərgidə ölkəmizi uğurla təmsil ediblər.
Sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsi çərçivəsində seçilmiş əqli fəaliyyət nəticələri mükafatlandırılıb. Azərbaycanlı hüquq sahibləri təşkilatçılar tərəfindən 1 qızıl, 2 gümüş, 2 bürünc medala və 1 “Ən yaxşı xarici ixtira” sertifikatına layiq görülüblər. Bundan əlavə, Şimali Makedoniyanın Sənaye Mülkiyyəti Obyektləri Ofisi biri qızıl medal olmaqla 2 azərbaycanlı ixtiraçıya sertifikatlar təqdim edib.
Səfər çərçivəsində Agentliyin nümayəndəsi Türkpatentin rəhbəri Cəmil Paşpınar, Avropa Patent İdarəsinin direktoru Antonio Kampinos, ISIF-ın layihə rəhbəri Koray Şahin və müxtəlif ölkələrdən olan digər nümayəndə və məsul şəxslərlə görüşüb, təcrübə mübadiləsinin genişləndirilməsi, ixtiraçılığın təşviq edilməsi və kommersiyalaşdırma istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təşkilatçılar sərgidə iştiraka görə Agentliyə təşəkkürlərini bildirib və xüsusi sertifikat və xatirə olaraq kitabça təqdim ediblər.
Qeyd edək ki, “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə ölkəmizlə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndələrinin tədbirdə iştirakı qardaş Türkiyə ilə son illər əqli mülkiyyət və innovasiyalar sahəsində əməkdaşlığımızın dərinləşməsinə xidmət edir və həmrəyliyimizin göstəricilərindəndir. Patent sahiblərinin tədbirdə iştirakı onları yaradıcılığa həvəsləndirməklə yanaşı, xarici ixtiraçıların təcrübələri ilə tanış olmağa da imkan yaraşdır. Agentlik sərgilənən ixtiraların kommersiyalaşdırılması istiqamətində işlərini davam etdirir.

Tehsil-press.az



Oxşar xəbərlər