Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə elan edilib.
Builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyət və kiçik və orta biznes: ideyaları necə kommersiyalaşdırmaq” devizi altında keçirilir. Bu mövzu iqtisadiyyatda kiçik və orta biznesin mühüm rolunu vurğulamaqla, onların daha güclü, rəqabətqabiliyyətli və dayanıqlı müəssisələr yaratmasında əqli mülkiyyət hüquqlarından necə istifadə edəcəklərini vurğulayır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Daren Tanqın bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciətində də diqqətə çatdırılıb ki, kiçik və orta biznes dünyada bütün şirkətlərin 90 faizini təşkil edir və əhalinin məşğulluğunun 70 faizini təmin edir.
Qeyd edək ki, Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes subyektləri təşkil edir.
Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.
Hər il Agentliyin təşəbbüsü ilə aprelin 26-da tədbirlər keçirilir, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafına necə töhfə verməsi ictimaiyyətin diqqətinə çatdırılır.
Agentlik tərəfindən 2020-ci ildə görülən davamlı tədbirlər nəticəsində əqli mülkiyyət sahəsində əhəmiyyətli dəyişikliklər baş verib, bu sistemin inkişafına yönəlmiş bir sıra normativ hüquqi sənədlər qəbul edilib, əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi, əqli fəaliyyət nəticələri olan yeni texnologiyaların tətbiqi, innovativ fəaliyyətin təşviqi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə, sənaye mülkiyyəti obyektlərinin idarəçiliyinin müasir tələblərə uyğun şəffaf təşkil edilməsi, yeni rəqəmsal xidmətlərin və informasiya sistemlərinin yaradılması istiqamətlərində zəruri işlər görülüb.
2020-ci ildə ÜƏMT-də keçirilən seçkilərdə Azərbaycan yenidən ÜƏMT-nın fəaliyyətinin təşkilində xüsusi rolu olan Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü seçilib, Azərbaycan nümayəndəsi ÜƏMT-nın Katibliyində təmsil edilib.
Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olub, müəllif-hüquq məsələləri üzrə 1650-dən çox müraciət və sorğuya cavab verilib, qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində hüquqi kömək göstərilib. Agentliyin nümayəndələri əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 53 iş üzrə (onlardan 45-i sənaye mülkiyyəti obyektləri, 8-i isə müəllif hüquqları ilə bağlı) 130-dan çox məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanıb və məhkəməyə təqdim olunub.
Bu ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

Tehsil-press.az


Oxşar xəbərlər