AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir

AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir, Naftalan və Tovuzun icra hakimiyyətləri arasında müqavilə imzalanıb.
Bununla əlaqədar AzTU-nun rektoru Vilayət Vəliyevin icra hakimiyyətlərinin başçılarının iştirakı ilə geniştərkibli görüşləri keçirilib. Bildirilib ki, müqavilənin “Heydər Əliyev İli”ndə imzalanması və icra olunması mühüm hadisə olmaqla bərabər, həm də Ulu Öndərin 100 illik yubileyinə əhəmiyyətli töhfədir.
Görüşlər zamanı dayanıqlı mobillik layihəsinin başlanmasına start verilərək qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq.
Çıxış edənlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər.
Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.
Qeyd edək ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidməti layihəsi rayon icra hakimiyyətləri ilə AzTU arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyəti və universitetin tələbələrinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc (kickoff meeting) görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişinə dair fikir mübadiləsi aparılıb.
Müqavilə Dayanıqlı İnkişaf Məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.

Tehsil-press.az


Oxşar xəbərlər