BDU rektorunun Masallı gəncləri ilə görüşü

BDU rektorunun Masallı gəncləri ilə görüşü Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində gənclər ilə görüşü olub.
Görüşdə gənclərin arzu-istəkləri, təhsilləri ilə maraqlanan E.Babayev onları dövlətimizin maraqlarını qorumaq və ölkəmizin daha da qüdrətlənməsi üçün fəal olmağa çağırıb.
Rektor qeyd edib ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. Ümummilli Lider hakimiyyətdə olduğu illərdə gənclərin inkişafına, təhsilinə böyük qayğı ilə yanaşıb: “Ulu Öndər ölkəmizi yüksəkixtisaslı kadrlarla təmin etmək üçün minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərirdi. Həmin gənclər indi müstəqil dövlətimizin güclənməsi üçün çalışırlar”.
E.Babayev bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilib. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz gənclərimizin torpaq, Vətən sevgisini bir daha nümayiş etdirdi.
Rektor gənclərə BDU-nun fəaliyyəti, son illər aparılan islahatlar haqqında da məlumat verib, onların suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər