Azərbaycanda Vətəni üçün canını fəda edən gənclik formalaşıb

Azərbaycanda Vətəni üçün canını fəda edən gənclik formalaşıb Azərbaycan Dillər Universitetində (ADU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. ADU-nun rektoru akademik Kamal Abdulla Gənclər Günü münasibətilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
44 günlük Vətən müharibəsi zamanı gənclərin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaətlərdən bəhs edən rektor xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əldə etdiyi tarixi Qələbədən söz açıb. “Vətən müharibəsi günlərində Prezident arxa və ön cəbhədəki gənclərə arxalanaraq cəsarətli addımlar atdı. Biz bir çox istiqamətlərdə gənclərin köməyi sayəsində uğurlar əldə etdik. Prezident İlham Əliyevin siyasəti məhz gənclərə, xalqa arxalanma siyasətidir. Müharibə dövründə bizim universitetin gəncləri, kollektivimiz fəal çalışdılar. İnformasiya müharibəsində universitetin müxtəlif dillər öyrənən və tədris edən gəncləri dünyanın nüfuzlu media orqanlarına, dövlət təşkilatlarına, universitetlərə Azərbaycan həqiqətlərindən ibarət 5000-dən çox məktub göndərdilər. Bununla da, biz xalqımızın həqiqəti deməyi bacaran, sülhsevər xalq olduğunu sübut etdik”, - deyə K.Abdulla bildirib.
Rektor tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını hər zaman ölkəmizin inkişafı naminə səfərbər etmələri, üzərilərinə düşən vəzifələri vicdanla, məsuliyyətlə icra etmək üçün qüvvə və bacarıqlarını əsirgəməmələri barədə tövsiyələrini də verib.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti haqqında məlumat verib: “Ulu öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Bu gün həmin siyasət Heydər Əliyev məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda böyük intellektual səviyyəyə malik olan, Vətənini sevən, onun üçün canını fəda edən gənclik formalaşıb. Azərbaycan gənci öz təhsili və vətənpərvərliyi ilə həm ölkəsinin inkişafında mühüm rol oynayır, həm də xaricdə Azərbaycanı layiqincə təmsil edir. Lazım gələndə Azərbaycan gənci həyatını Vətəni uğrunda fəda edir. Hər bir Azərbaycan gənci bu gün dövlətin qayğısını öz üzərində hiss edir. Prezidentin apardığı uğurlu siyasət nəticəsində gənclərin bütün təbəqələri qayğı ilə əhatə olunublar”.
Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli isə gənclərin qarşısında duran vəzifələrdən bəhs edib.
Tədbirdə Filologiya fakültəsinin tələbəsi Nəzrin Hüseynzadə “44 Günlük Vətən müharibəsində Azərbaycan gənclərinin vətənpərvərliyi bir daha sınaqdan çıxdı”, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Rəhman Məmmədov isə “İlham Əliyev siyasəti: Azərbaycan gəncliyinin bayraqdarı” mövzularında çıxış ediblər.
Sonda Ulu Öndərin və Prezident İlham Əliyevin gənclərlə bağlı çıxışlarından ibarət videoçarxlar nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər