BDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

BDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş genişləndirilmiş iclası keçirilib.
İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqımız onu ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzmi və iradəsi, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, ona xoşbəxtlik bəxş etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anır. Ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə əldə olunmuş bütün uğurlar dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsidir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev bütün həyatını respublikamızın inkişafına, xalqımızın rifahının yüksəldilməsinə həsr edib.
Qeyd edilib ki, 1988-1992-ci illərdə ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın tələbi ilə həmin çətin məqamda – 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu, böyük inkişaf yoluna çıxdı.
Ümummilli Lider Heydər Əliyev böyük xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirdi. Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldi. Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksəldi. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndərin xalqımıza ən böyük töhfəsi isə bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. Ulu Öndər Heydər Əliyev siyasi xətti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, mahir sərkərdəliyi, şanlı Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu.
Ulu Öndər Heydər Əliyevin “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını xatırladan E.Babayev Ümummilli Liderin məzunu olduğu bu ali məktəbə daim diqqət və qayğı göstərdiyini bildirib.
Rektor Ulu Öndərin elmin, təhsilin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov, Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında tarixi xidmətlərini diqqətə çatdırıblar. Çıxışlarda dahi liderin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu vurğulanıb.

Tehsil-press.az


Oxşar xəbərlər