İlahiyyat İnstitutunun rektoruna Moskva İslam İnstitutunun fəxri doktoru diplomu təqdim olunub

İlahiyyat İnstitutunun rektoruna Moskva İslam İnstitutunun fəxri doktoru diplomu təqdim olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov Rusiya Federasiyasının paytaxtı Moskvada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mədəni, elmi əlaqələrin inkişafında ilahiyyat və multikulturalizm təcrübəsinin rolu” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Tədbirdə Aqil Şirinova Moskva İslam İnstitutunun rektoru professor Damir Muhetdinov tərəfindən ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim edilib.
Aİİ rektoru A.Şirinov “Birgəyaşayış kontekstində Qafqazda mədəni-dini müxtəliflik tarixi ənənə kimi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Qafqazın tarixən dünyanın ən qarışıq etnik struktura malik bölgələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bölgədə 50-dən çox müxtəlif dil və ləhcələrdə danışan etnik qruplar mövcuddur.
O vurğulayıb ki, ermənilər istisna olmaqla tarixən Qafqazda yaşayan xalqların dini dünyagörüşləri eksklüzivist (kənarlaşdırıcı) deyil, inklüzivist (birləşdirici, əhatəedici) xarakterə malik olub. Bu da qeyd olunan bölgədə dini zəmində, ümumən, dözümlü bir mühitin yaranmasına səbəb olub.
Azərbaycanın İslamın Qafqazda yayılmasında və birgəyaşayış ənənəsinin formalaşmasında böyük rolu olduğunu diqqətə çatdıran rektor bildirib ki, ölkəmiz tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev və digər qurumların nümayəndələri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər