“Şərt qoyulub ki, Azərbaycan Qazaxın 7, Naxçıvanın isə Kərki kəndini unutsun”

“Şərt qoyulub ki, Azərbaycan Qazaxın 7, Naxçıvanın isə Kərki kəndini unutsun” “Ermənistanın irəli sürdüyü şərtləri ona Rusiya diktə edir. Bu şərtlər ondan ibarətdir ki, Qarabağ erməniləri Bakı ilə danışıqlar apararkən mütləq orada beynəlxalq formatda xarici qüvvələr də iştirak edib onların hüquqlarını təmin etsinlər. Bu, Ermənistanın tələbidir.
Əgər bu tələb qəbul edilərsə, xarici qüvvələr ilə yanaşı böyük dövlətlər də Qarabağ ermənilərinə geniş muxtariyyət statusu ilə bərabər Azərbaycanın onların təhlükəsizliyinə zamin durmalarını tələb edəcəklər. Bu da Azərbaycanın suverenliyinin məhdudlaşdırılması deməkdir”.
Bu sözləri siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, mayın əvvəlində baş tutan Arlinqton görüşlərindən sonra Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın “hər hansı bir irəliləyiş əldə edilə bilməyib” açıqlamasına münasibət bildirib.
Xatırladaq ki, görüşlərdən sonra ABŞ-ın dövlət katibi Entoni Blinken açıqlamasında söyləmişdi ki, tərəflər artıq sülhə 1 addım daha yaxındırlar.
Z. Əlizadəyə görə, Azərbaycan bu tələbi 2 səbəbdən qəbul etməyəcək:
“44 günlük müharibədən sonra Prezident İlham Əliyev xalqa müraciətində elan etdi ki, status gorbagor oldu və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Onlar da gorbagor olmuş bir şeyi qəbirdən çıxarıb necə status tələb edəcəklər?
Artıq bizim 100 illik tariximiz də onu göstərir ki, xarici qüvvələr Azərbaycanın daxili işinə qarışanda bu, mütləq şəkildə Azərbaycan xalqının mənafeyinin ziddinə olur. Yəni hər zaman ermənilərə hər hansı imtiyazlar və hüquqlar verilib ki, bunların heç biri tarix boyu azərbaycanlılara şamil olunmayıb. Çünki vaxtilə Ermənistandakı azərbaycanlıların heç bir statusu, hüququ və təhlükəsizlik ilə bağlı zəmanətləri yox idi. Bunlar Azərbaycanın qəbul etmədiyi şərtlərdən biridir”.
Politoloqun fikrincə, Ermənistanın ikinci şərti odur ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi məsələsini Azərbaycan unutsun:
“Onlar deyir ki, bu ərazilər artıq Ermənistanın torpağıdır. Azərbaycan isə bununla razılaşmır və deyir ki, sovet xəritələrinə görə həmin 7 kənd və Kərki Azərbaycan əraziləridir.
Ermənilərin üçüncü tələbi isə odur ki, onlar Qarabağ ermənilərinin öz silahlı qüvvələrinin olmalı olduğunu deyirlər. Heç bir dövlət də öz ərazisində mərkəzi hakimiyyətə tabe olmayan hansısa silahlı qüvvələrin mövcudluğunu qəbul edə bilməz. Azərbaycan da tələb edir ki, qoşunlarını çıxar, çünki Qarabağda bir dənə də olsun erməni silahlısı olmamalıdır. Əks halda, mən onları darmadağın edəcəyəm və buna gücüm də çatır”.
“Ermənilər bundan başqa daha bir şeyi də deyirlər ki, Qarabağ erməniləri Azərbaycana inanmır və buna görə də onlar istəyirlər ki, təminat kimi hansısa xarici qüvvələr olsun. Bu xarici qüvvələr də rus sülhməramlılarıdır və onlar vaxtı müəyyən edilməmiş bir tarixə qədər regionda qalmalıdırlar ki, ermənilər özlərini rahat hiss etsinlər. Bu da Rusiyanın istəyidir ki, Ermənistan tərəfi bunu səsləndirir. Azərbaycan bunu da qəbul edə bilməz”, – müsahibimiz əlavə edib.
Azərbaycanın tələblərindən söz açan ekspert vurğulayıb ki, bunlar artıq birmənalıdır:
“Azərbaycanın tələbi isə budur ki, bölgədəki qanunsuz erməni silahlıları çıxır, anklav kəndlər qaytarılır, Mehri yolu açılır, Ermənistanın suverenliyi altında Azərbaycan o yolla Naxçıvana yük daşıyır və Qarabağa heç bir status verilmir. Qarabağ ermənilərinin alacağı ən yüksək status isə Azərbaycan Respublikası vətəndaşının pasportu olacaq. Bunlar bizim mövqeyimizdir.
O ki qaldı delimitasiya və demarkasiya işlərinə, əgər ermənilər bizim torpaqlarımızı qaytarmasa, biz də yerləşdiyimiz ərazilərdən çıxası deyilik. Siz bizim ərazi bütövlüyümüzü tanımırsınızsa, biz də sizinkini tanımırıq. Bu, qarşılıqlı olmalıdır. Çünki bütün dünyada dövlətlər arasındakı ərazilərin bütövlüyünün tanınması qarşılıqlı şəkildə həyata keçir”.
“İndi Ararat Mirzoyan deyir ki, Arlinqtonda heç bir razılaşma əldə edilməyib. Çünki o, ABŞ-dan qayıdıb və görür ki, erməni cəmiyyətində təzədən havalanma baş verib, camaat hakimiyyətdən tələb edir ki, onlar Azərbaycana qarşı daha sərt mövqe tutsunlar. Bundan başqa, Paşinyanın reytinqi də 14%-ə düşüb, azalır. Ona görə də belə bir şəraitdə erməni ictimaiyyətinə göstərmək lazımdır ki, Paşinyan hakimiyyəti çox möhkəm, sərt, yenilməz bir mövqedə durub və Azərbaycanın tələblərini qəbul etmir. Elə məhz bunun üçün də Mirzoyan deyir ki, biz Vaşinqtonda heç bir irəliləyiş əldə etməmişik.
Danışıqlara dirijorluq etmiş, eləcə də danışıqların gedişatını yaxşı bilən Birləşmiş Ştatlar təmsilçisi Entoni Blinken isə deyib ki, danışıqlarda ciddi irəliləyiş əldə edilib. Sadəcə danışıqları davam etdirmək lazımdır ki, hansısa ortaq mövqeyə gəlinsin. Qısası, tərəflərin mövqeləri budur”, – o, fikirlərini tamamlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər