Özbəkistanlı alimin BDU-da ustad dərsi

Özbəkistanlı alimin BDU-da ustad dərsi Özbəkistanın Xarəzm Pedaqoqların Təlimi üzrə Milli Mərkəzinin kafedra müdiri filologiya elmləri doktoru Nəsibə Sabirovna Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və Özbəkistan-Azərbaycan mədəni əlaqələri” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində N.Sabirovna eyni soya malik xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ sovet dövründə xalqlarımız arasında mədəni əlaqələrin genişləndirilməsinə səy göstərib. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev münasibətlərimizi ən yüksək səviyyəyə çatdırıblar.
Mühazirədə Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan ədəbiyyatı örnəklərinin nəşri və təbliğindən bəhs olunub. Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərin yubileylərinin mütəmadi olaraq hər iki ölkədə qeyd olunması ənənəsinin formalaşdığı, həmin ənənələrin bu gün də davam etdirildiyi vurğulanıb.
N.Sabirovna hər iki ölkə arasında mədəni əlaqələr sahəsində kitabxana-informasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, qardaş ölkələrin Milli Kitabxanaları arasındakı qarşılıqlı əlaqələrin, kitab mübadiləsinin mütəmadi olaraq davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlayan BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə Özbəkistanın müvafiq ixtisas üzrə mütəxəssis hazırlayan ali məktəbləri arasında son dövrlər əlaqələr daha da inkişaf etdirilir, birgə beynəlxalq konfranslar, seminar və ustad dərsləri təşkil olunur.
Sonra dinləyicilərin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər