UNESCO təhsildə süni intellektin tətbiqi ilə bağlı təlimatlar hazırlayır

UNESCO təhsildə süni intellektin tətbiqi ilə bağlı təlimatlar hazırlayır UNESCO siyasətçilər, təhsil texnologiyaları (EdTech) tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə sıx əlaqə şəraitində təhsil sektorunda süni intellektin (AI) istifadəsi üzrə qlobal dialoqa rəhbərlik etməyə davam edəcək. Təşkilat təhsil və elmi tədqiqatlarda generativ süni intellektdən istifadəyə dair təlimatlarını, eləcə də məktəb təhsili üçün şagirdlər və müəllimlər üçün AI səlahiyyətləri çərçivələrini hazırlayır. Bu sənədlər 2023-cü il sentyabrın 4-7-də UNESCO-nun Parisdəki Baş Qərargahında təşkil ediləcək Rəqəmsal Öyrənmə Həftəsi zamanı müzakirə olunacaq.
Bununla bağlı bəyanat təşkilata üzv olan 40-dan çox ölkənin təhsil nazirlərinin bu yaxınlarda keçirilən iclasından sonra yayılıb. Bəyanatda qeyd olunub ki, yeni və güclü generativ süni intellekt alətlərinin sürətlə ortaya çıxmasına cavab olaraq, UNESCO AI tətbiqlərinin təhsil sistemləri üçün yaratdığı geniş imkanları, problemləri və riskləri araşdırmaq üçün təhsil nazirlərinin iştirakı ilə müzakirələr aparıb. İclasda texnologiyanın bu yeni nailiyyətinin təhsilə ən yaxşı şəkildə necə inteqrasiya olunacağına dair siyasətlər, ölkələrin planları ətrafında fikir mübadiləsi aparılıb, generativ süni intellekt və təhsil, o cümlədən açıq çoxtərəfli dialoqa dair “yol xəritəsi” təqdim edilib.
Müzakirələr zamanı bəzi ümumi narahatlıqlar da ifadə olunub. Belə ki, təhsil sistemlərinin generativ süni intellektin yaratdığı çətinliklərə uyğunlaşdırılması, AI-nin kurikulumlara, tədris metodlarına və imtahanlara inteqrasiyası zamanı bu texnologiyalara xas olan qüsurlarının azaldılması yolları, qərəzli məlumatların yayılmasını qarşısının alınması tədbirləri bu qəbildəndir. Müzakirələr göstərib ki, bütün dünyada hökumətlər sürətlə inkişaf edən bu mənzərədə müvafiq strategiyalarının formalaşdırmaq prosesindədir. Bu kontekstdə məlumatların qorunmasına dair və digər tənzimləyici çərçivələr üzrə milli strategiyalar daha da inkişaf etdirilir və təkmilləşir.
UNESCO-nun 450-dən çox məktəb və universitet arasında apardığı yeni qlobal sorğu göstərib ki, onların 10 faizdən az hissəsi generativ süni intellekt tətbiqlərinin istifadəsi ilə bağlı institusional yanaşmalar və yaxud rəsmi təlimatlar hazırlayıb. Nəticələr göstərir ki, yazılı və vizual yaradıcılıq imkanları verən bu güclü generativ süni intellekt tətbiqlərinin qəfil ortaya çıxmasına dərhal cavab vermək qurumlar üçün çətin olur. Bununla yanaşı, bu yeni dövrdə müəllimlərin oynadığı mühüm rol vurğulanıb. Lakin bu çətinliklərin öhdəsindən gəlmək üçün onların tövsiyələrə və təlimə ehtiyacları var.
Təşkilatın təhsil və elmi tədqiqatlar üzrə mandatı sayəsində unikal təcrübə əldə etmək mümkün olub. Son illərdə UNESCO təhsilin gələcəyi ilə bağlı qlobal təşəbbüslərə rəhbərlik edib, həmçinin 2021-ci ilin noyabrında 193 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilmiş süni intellektin etikası üzrə ilk qlobal normativ çərçivəni hazırlayıb.

Tehsil-press.az




Oxşar xəbərlər