Norveç qlobal təhsil proqramlarına 45 milyon dollar ianə edəcək

Norveç qlobal təhsil proqramlarına 45 milyon dollar ianə edəcək Norveç hökuməti UNESCO vasitəsilə bütün dünyada təhsil proqramlarının həyata keçirilməsinə 45 milyon dollar məbləğində ianə edəcək.
Bununla bağlı təşkilatın Baş direktoru Odri Azulay və Norveçin UNESCO-da səfiri Halvor Hvideberq müvafiq saziş imzalayıblar.
İmzalama mərasimindən sonra keçirilən mətbuat konfransında Norveçin beynəlxalq inkişaf naziri Anne Beathe Tvinnereim bildirib: “Təhsilsiz sülh, davamlı inkişaf yoxdur. Norveçin bu maliyyəsi sayəsində UNESCO hər kəsin keyfiyyətli təhsil hüququnu təmin etmək üçün bütün dünyada fəaliyyətini gücləndirəcək. Təşkilatın təhsil sahəsində təşəbbüsünü və liderliyini yüksək qiymətləndirirəm. UNESCO-nun normativ rolu və konkret sahə proqramları onu Norveçin yüksək dəyərli tərəfdaşına çevirir. Təhsil sahəsində problemlərin azaldılması, gender bərabərliyi və iqlim fəaliyyətinə nail olmaq üçün maliyyə vəsaiti çox mühümdür. Biz dəstəyimizi artırmaqdan və UNESCO ilə uzunmüddətli saziş imzalamaqdan çox şadıq. Gəlin birlikdə hamı üçün keyfiyyətli təhsili təşviq edək”.
Norveçin ayırdığı maliyyə vəsaiti UNESCO-nun 2023-2025-ci illər üzrə təhsil proqramını dəstəkləyəcək və “Təhsil sağlamlıq və rifah üçün” təşəbbüsünün həyata keçirilməsinə töhfə verəcək. Bu saziş, həmçinin təşkilatın qaçqınlar və miqrantlar üçün təhsil sahəsində Təsnifat Pasportunu genişləndirməyə imkan verəcək. Son illərdə uğurla sınaqdan keçirilmiş bu layihə məcburi köçkünlərin xaricdə təhsil imkanlarından yararlana bilməsi üçün onların əvvəlki akademik, peşəkar və peşə keyfiyyətlərini tanımağa kömək edir”.
Bununla yanaşı, Norveçin sərmayələri UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatını və Statistika İnstitutunu da dəstəkləyib. Skandinaviya Krallığı 2022-ci ildə təşkilatın mədəniyyət, irs və mətbuat azadlığı üçün tədbirlərini dəstəkləmək üçün 20 milyon dollarlıq ianə edib.

Tehsil-press.az


Oxşar xəbərlər