Xarici dildə tədris aparan 23 müəllimə sertifikat təqdim edilib

Xarici dildə tədris aparan 23 müəllimə sertifikat təqdim edilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi proqram çərçivəsində “Virtual Educator Program”ının iştirakçılarına sertifikatlar təqdim olunub.
İki ay müddətində təlimlərə xarici dildə (ingilis dili) tədris aparan 23 müəllim cəlb edilib. Nəzərdə tutulan proqram üzrə müəllimlərin bir qrupu ingilis dilinin tədrisi üzrə ixtisaslarının artırılması, ikinci qrupu isə akademik məqsədlər üçün ingilis dili tədrisinin inkişaf etdirilməsi istiqaməti üzrə çalışıb.
Təqdimat mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyaları sayəsində Azərbaycanı regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını vurğulayıb. Rektor diqqətə çatdırıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Proqramın əhəmiyyətini qeyd edən akademik U.Ələkbərov xarici dil fənninin effektiv tədrisi və gələcəkdə bu istiqamətdə layihələrin genişlənməsinin səmərəli olacağını qeyd edib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının Xarici dillər kafedrasının müdiri dosent Ülkər Şəfiyeva çıxış edərək ABŞ səfirliyinin dəstəklədiyi proqramın xarici dil üzrə peşəkar bacarıqların təkmilləşdirilməsi ilə yanaşı, həm də şəxsi əlaqələrin inkişafına kömək etdiyini, təhsil və mədəniyyət diplomatiyası sahəsində uğurlu əməkdaşlığın əsasının qoyulduğunu, nəticələrin müəllim və tələbələr üçün səmərəli olacağına inamını ifadə edib.
Sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Haji, ingilis dili proqramı koordinatoru Sabina Abdullayeva və təqdimata ABŞ-ın Kaliforniya ştatından onlayn qoşulan təlimçi Maykl Moak çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar. İngilis dilinin tədrisi barədə fikir mübadiləsi aparılıb. Proqramı uğurla bitirən müəllimlərə sertifikatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər