DİA: Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 2022-2023-cü tədris ili üzrə ilk mühazirə dinlənilib

DİA: Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 2022-2023-cü tədris ili üzrə ilk mühazirə dinlənilib Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin ilk mühazirəsi dinlənilib.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov tərəfindən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi uğurları” adlı ilk mühazirə DİA-ya 2022-2023-cü tədris ilində qəbul olunan bakalavr və magistrantlara oxunub.
Rektor öncə Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verib. O qeyd edib ki, məktəb müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. U.Ələkbərov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, müstəqilliyinin bərpasından keçən 30 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf edib və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrində böyük uğurlar qazanıb. Rektor dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, müasir müstəqil Azərbaycanın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın rolundan bəhs edib.
Akademik U.Ələkbərov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Rektor qeyd olunan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Rektor qazanılan uğurların Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğunu vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu qeyd edib.
U.Ələkbərov inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.
Rektor qazanılan uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını bildirib. Diqqətə çatdırılıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın önəmli rolu var.
Akademik vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən idarəetmədə tətbiq edilən yeni innovativ texnologiyalar nəticəsində ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadə təmin edilib.
Mühazirədə ölkənin sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inklüziv inkişafını xarakterizə edən göstəricilər müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb.
Rektor U.Ələkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. “Qarabağ Azərbaycandır!” şüarı ilə səfərbər olan həmin günlər xalq-dövlət, xalq-hakimiyyət birliyinin nümayişi idi. Bu, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın nə qədər vacib olduğunu parlaq surətdə nümayiş etdirdi. Azərbaycanı bu möhtəşəm Qələbəyə aparan Ali Baş Komandanın müdrik qərarları, müzəffər Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi oldu. Qazandığımız bu Qələbə gəncliyimizə örnək oldu. Onlar gördülər ki, öz lideri ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir və qalibdir.
Müstəqillik illərində Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər