Qazaxıstan və Azərbaycan Dövlət İdarəçilik akademiyaları arasında memorandum imzalanıb

Qazaxıstan və Azərbaycan Dövlət İdarəçilik akademiyaları arasında memorandum imzalanıb Ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi müşayiət edən nümayəndə heyətinin üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abil avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olub.
Görüşün məqsədi dövlət idarəçiliyi sahəsində təhsil, dövlət qulluqçularının ixtisasının artırılması üzrə fəaliyyətin, milli kadr ehtiyatının formalaşdırılması, habelə dövlət idarəçiliyi sahəsində təhsilin müxtəlif pillələrinin davamlılığının təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsinin öyrənilməsi və bu sahədə fikir mübadiləsi aparmaq olub. Görüş çərçivəsində, eyni zamanda, elm sahəsində akademiyalararası əməkdaşlıq və bunun əsasında yeni orijinal dərslik və dərs vəsaitlərinin hazırlanması, müəllim-tələbə mübadiləsi, yeni istiqamətlər üzrə layihələrin təmin edilməsi, dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin mübadiləsinə yönələn fəaliyyətin gələcəkdə genişləndirilməsini əhatə edəcək memorandum imzalanıb.
Görüşdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təqdimatla çıxış edərək Azərbaycanın sürətli və innovativ inkişaf etdiyini bildirib. Rektor qeyd olunan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının və tətbiq edilən yeni idarəetmə texnologiyalarının olduğunu xüsusi vurğulayıb. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində böyük roluna da diqqət çəkib. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.
Rektor beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsində dünya lideri olduğunu qeyd edib.
U.Ələkbərov inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. Eyni zamanda, qeyd edib ki, ölkənin hazırkı önləyici davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahat və dəyişikliklərin məntiqi yekunudur.
Görüşdə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abil çıxış edərək hər iki təhsil və tədqiqat mərkəzlərinin əməkdaşlığının gələcəkdə səmərəli olacağına əminliyini vurğulayıb. Eyni zamanda, birgə fəaliyyətə dair imzalanan memorandumun gələcəkdə praktik icrasının təmin edilməsi ilə bağlı fikirlərini bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və sonda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər