UNEC-də “Məzun günü” keçirilib

UNEC-də “Məzun günü” keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun günü” keçirilib.
“Baku Crystal Hall”da keçirilən mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlarla yanaşı, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən rektor Ədalət Muradov bu il UNEC-dən 3493-ü bakalavr, 2032-si magistr olmaqla, 5525 tələbənin məzun olduğunu deyib. Rektor məzunları təbrik edərək onları qarşıda yeni sınaqların gözlədiyini bildirib, gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək uğur qazanacaqlarından əminliyini ifadə edib.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Məzun günü”nün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Deputat Ümummilli Liderin təhsil və gənclərə olan qayğısından danışıb, məzunlara vətəninə, millətinə layiqli vətəndaş olmağı tövsiyə edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bir zamanlar təhsil aldığı universitetdə fəxri məzun kimi iştirak etməkdən qürur duyduğunu bildirib. O, tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşərək, məzun olan gəncləri təşəbbüskar olmağa çağırıb.
Çıxışdan sonra Rövşən Nəcəfə bakalavr diplomunun əlavəsi təqdim olunub. Bütün qiymətlərinin “Əla” olduğu diplom əlavəsini alan Rövşən Nəcəf duyğulu anlar yaşayıb.
Sonra UNEC-in Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramının məzunu olan12 tələbəyə diplomlar təqdim olunub.
Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri Çarlz Denier məzunları təbrik edib, UNEC ilə Fransa universitetləri arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.
Tədbirdə universiteti bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,43) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Ayan Nəbiyeva çıxış edərək valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib.
Məzunların andiçmə mərasimindən sonra UNEC bayrağı III kursu ən yüksək ortalama ilə bitirən (99.26) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Sübhan Əlizadəyə təhvil verilib.
Ənənəvi “papaqatma” mərasimindən sonra tədbir əyləncəli proqramla başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər