Bu nazir müavini niyə özünə güldürməyə davam edir?

Bu nazir müavini niyə özünə güldürməyə davam edir? Səhiyyə nazirinin müavini, çox hörmətli Rasim İsmayılovun Milli Məclisin istər plenar, istərsə də komitə iclaslarındakı konkret məsələ ilə bağlı fikir, rəy və münasibətləri təkcə sosial şəbəkə istifadəçilərini deyil, elə millət vəkillərini də hövsələdən çıxarır.
Bir neçə gün öncə Rasim İsmayılov Azərbaycanda dərmanların Türkiyədən qat-qat baha olmasının səbəbi kimi “yerli istehsal” məsələsini göstərdi, “Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!” – nazir müavini dedi.
İlk baxışda bəlkə də nazir müavinin fikirlərində azacıq məntiq görünə bilərdi. Ancaq məsələ burasındadır ki, Türkiyədə istehsal edilən dərmanın fabrik qiyməti – topdansatışı ilə - pərakəndə satışı arasında ciddi fərq var. Bu baxımdan hansısa dərmanın qiymətində fərq yalnız daşınma xərcində ola bilər. Biz isə Türkiyə istehsalı dərmanların qiymətində 10-12 dəfə bahalıq müşahidə edirik. Nazir müavini bunu görüb, dərk etmirmi?
Fazil Mustafa yaxşı deyib ki, o hesabla bizdə təyyarə bileti Gürcüstandan ucuz olmalıdır, çünki Gürcüstanda yanacaq istehsal edilmir.
Bu gün isə nazir müavini növbəti dəfə “gül vurub”: guya keyfiyyətsiz dərmanların ölkədə yayılmasının səbəbi adi insanlardadır: onlar “şəxsi istifadə üçün” keyfiyyətsiz dərman gətirib, apteklərə satırlarmış və nəticədə səhiyyə sistemimizə sağalmaz yara vururlarmış.
Əvvəla, şəxsi istifadə üçün gətirilən dərmanların bəlli həcmi var. Bir dərmandan “şəxsi istifadə üçün” gömrükdən nə qədər keçirmək olur ki, hələ onu satışa da çıxarasan?
İkincisi, “şəxsi istifadə üçün” gətirilən dərmanlar, məsələn, Türkiyədə hansısa aptekdən alınır. O aptekdə satılan dərman isə bütün standartlara uyğundur. Yəni hansısa fərdi şəxs bir dərmandan 5-6 ədəd almaq üçün fabrikə gedib, xüsusi sifariş verməz, heç fabrik də onu istehsal etməz. Fabrikə sifariş üçün bir dərmandan minlərlə ədədin sifarişi lazımdır.
Keyfiyyətsiz dərmanların səbəbi odur ki, hansısa dələduz fabrikə gedir, o dərmanın tərkibinə vurulan qatqıların sayını azaltdırır, nəticədə qiyməti aşağı saldırır və kütləvi surətdə ondan istehsal etdirib, gətirib, canımızı zəhərləyir.
Bu, adi, sıradan bir vətəndaşın da bildiyi həqiqəti nazir müavini bilmirmi?
Bilir, həm də hamıdan yaxşı! Ancaq heç nədən çəkinmədən Milli Məclisdə deputatların gözünə baxa-baxa yalan deyə bilir, deməyə cəsarət edir.
Bu gün də Rasim İsmayılovun cavabını akademik Əhliman Əmiraslanov verib və kifayət qədər sərt formada! Əgər Əhliman Əmiraslanov kimi ziyalı da nazir müavinini yalan danışmaqda ittiham edəcək qədər əsəbiləşirsə, demək, hörmətli nazir müavininin düşüncələri ilə bağlı nəsə düz deyil.
Cəmi iki iclas – komitə və plenar iclas səhiyyə nazirinin bir müavininin məntiqinin, düşüncəsinin, fikirlərinin absurdluğunu ortaya qoydu. Bu düşüncədir səhiyyəmizin başına daş salan.
Mənə isə bir şey çox maraqlıdır: görəsən, çox-çox hörmətli Rasim İsmayılov özü başa düşmürsə də, bir doğması-yaxını, dostu-tanışı yoxdurmu ona desin ki, özünü bu qədər gülüş hədəfinə çevirmək nəinki səhiyyəmiz adına, heç şəxsi nüfuz baxımından da qəti yaxşı hal deyil.

Tehsil-press.az

Oxşar xəbərlər