Ulu Öndər Azərbaycan dilinə xalqın milli sərvəti kimi yanaşırdı

Ulu Öndər Azərbaycan dilinə xalqın milli sərvəti kimi yanaşırdı Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun siyasi fəaliyyətində dil məsələsi mühüm yer tutub. Ulu Öndər ana dilinə - Azərbaycan dilinə daim böyük əhəmiyyət verib. Azərbaycan dilinin inkişafında və onun dünya dilləri sırasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər Bakı Dövlət Universitetinin 50 illik yubiley toplantısında, dövlət səviyyəli digər tədbir və müşavirələrdə ana dilində parlaq çıxışlar edərək böyük hörmət və məhəbbət qazanıb.
Bu fikirləri müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü İbadullazadə deyib. O bildirib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.
Dahi Lider hər zaman Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyev Azərbaycan dilinə yalnız ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, sadə cümlələri və səmimi fikirləri ilə insanlarda nikbin əhvali-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi.
Alim bildirib ki, Ulu Öndərin təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması haqqında ayrıca maddə daxil edilib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında Ümummilli Liderin böyük rolu olub. Ulu Öndərin rəhbərliyi ilə işlənib-hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Əsas Qanununa – Konstitusiyaya “Dövlət dili” adlanan ayrıca bir maddə daxil edildi. Konstitusiyanın müzakirəsi və qəbulu prosesi də göstərdi ki, Heydər Əliyevin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Heydər Əliyevin ana dilinə böyük qayğısı, sədaqəti, dərin məhəbbəti onun yalnız əsl vətəndaşlıq, ana dilini sevmək, yüksək qürur hissləri ilə bağlı deyil. Bu dahi şəxsiyyətin ana dilini dərindən bilmək, onun daxili sirlərinə, gözəlliklərinə dərindən vaqif olmaq və məharətlə istifadə etmək qabiliyyətindən və istedadından irəli gəlir. Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayırdı. Ulu Öndər siyasi məzmunlu çıxışlarında ana dilinin inkişafını təmin etməklə yanaşı, cəmiyyətin bütün imkanlarını bu işə səfərbər edirdi. Heydər Əliyev həmişə məruzələrini, çıxışlarını, nitqlərini təsirli sonluqlarla bitirərdi. Bu sonluqlar daim ümidverici, ruhlandırıcı, gələcəyə inamı artırmağa yönəldən notlar üzərində köklənirdi.
“Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu Qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub. Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması da bunun parlaq göstəricisidir. Azərbaycan ədəbiyyatının latın qrafikasında yenidən nəşri məhz dövlətimizin başçısının təşəbbüsü ilə reallaşıb. Ümummilli Liderin dil siyasəti, doğma dilimizin inkişafında göstərdiyi tarixi xidmətləri bütün dövrlərdə Azərbaycan dilçiliyində yeni-yeni tədqiqatların aparılmasına mühüm istiqamət olacaq”,- deyə T. Şükürlü İbadullazadə qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər