Ulu Öndərin həyat amalında, fəaliyyətində dilimizin inkişafı və qorunması xüsusi yer tutub

Ulu Öndərin həyat amalında, fəaliyyətində dilimizin inkişafı və qorunması xüsusi yer tutub Ana dilimiz – Azərbaycan dili milli varlığımızdır. Biz hər zaman onun saflığını və müqəddəsliyini qorumalı, yad təsirlərdən mühafizə etməliyik. Bu tarixi missiyanın yerinə yetirilməsində Ulu Öndər Heydər Əliyev bizə ən gözəl örnəkdir. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Ümummilli Lider Heydər Əliyevin həyat amalında, fəaliyyətində dilimizin inkişafı, qorunması, işlənmə dairəsinin genişlənməsi xüsusi yer tutub. Məhz Ulu Öndər Azərbaycan dilinin hərtərəfli inkişafında, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması və ən yüksək beynəlxalq kürsülərdə səslənməsində bilavasitə mühüm rol oynayıb.
Bu fikirləri müsahibəsində Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti filologiya elmləri doktoru Reyhan Həbibli söyləyib. R.Həbibli bildirib ki, Ulu Öndər XX əsrin II yarısında Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən etibarən ana dilinə diqqət və qayğısını əsirgəməyib. Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubiley tədbirində Azərbaycan dilinə olan sevgisini məhz ana dilində çıxış edərək göstərmişdi. O dövr üçün bu, çox cəsarətli addım idi.
“Azərbaycan dilinə dövlət dili statusunun verilməsi dahi rəhbərin ən böyük tarixi xidmətlərindən biridir. Biz hər zaman onun çıxışlarında dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini vurğuladığının şahidi olmuşuq. Heydər Əliyev cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafının təmin olunmasına səfərbər etməyə çağırırdı. Ulu Öndərin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Respublikasının həm 1978-ci il, həm də 1995-ci il Konstitusiyasında dövlət dili kimi təsbit olunub.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı, 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu onun ana dilinə hərtərəfli qayğısının təcəssümünü əks etdirən sənədlərdir”, - deyə Reyhan Həbibli vurğulayıb.
O qeyd edib ki, Ulu Öndər ana dilimizin tarixi keçmişini, müasir vəziyyətini və mövcud problemlərini də daim diqqət mərkəzində saxlayıb, bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyaraq Ulu Öndər Heydər Əliyevin öz Vətəni, xalqı və dövləti qarşısında göstərdiyi böyük xidmətləridir.

Tehsil-press.az


Oxşar xəbərlər