Gerçəklərin və hədəflərin uğurlu təqdimatı

Gerçəklərin və hədəflərin uğurlu təqdimatı Prezident İlham Əliyevin Çinin məşhur “China Media Group” korporasiyasına verdiyi dərin məzmunlu müsahibə ölkəmizin daxili və xarici siyasətinin məqsədlərinin, regionda baş verən proseslərin mahiyyətinin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. İlk növbədə ona görə ki, müsahibənin Çin kimi nəhəng ölkənin böyük media orqanında yayımlanması geniş coğrafiyanı əhatə edir və bir sıra dövlətlərin hakimiyyət dairələrinə, ictimaiyyətinə güclü təsir göstərir. Müsahibədə dövlətimizin başçısı bir sıra prinsipial məsələlərə münasibət bildirdi.
Bu fikirlər Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “Gerçəklərin və hədəflərin uğurlu təqdimatı” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Azərbaycan xalqı ənənələrə söykənərək müasir dövlət qurur
Prezident Azərbaycan xalqının və hökumətinin hədəflərini bir daha bəyan etdi. Bildirdi ki, xalqımız milli köklərinə və ənənələrinə dayanaraq müasir dövlət qurur. Müasirlik köklərdən ayrılmaq demək deyildir. Dövlətimizin başçısının hədəfi dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.
Çinlə münasibətlərin təməlində dostluq və beynəlxalq hüquq normaları dayanır
Müsahibədə bildirildi ki, Azərbaycan dövlətinin xarici siyasətində mühüm yer tutan Çinlə münasibətlərin memarı Heydər Əliyev olub. Azərbaycan və Çin arasında yekdil siyasət vardır. Azərbaycan Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləyir, bu siyasət dəyişməyəcək. Çin Azərbaycan üçün dost ölkədir. Digər tərəfdən, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyib. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız nüfuzunu itirəcəklər. Çünki ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil edə bilməz. Vahid Çin siyasəti ilə bağlı Azərbaycanın mövqeyi tam aydındır. Bəzi Qərb hökumətləri də bu mövqeyə uyğun davransalar sülhə yardım etmiş olarlar.
Azərbaycan regionda sülhün qurulmasına çalışır
Regionda sülhün qurulmasına və Azərbaycanın tranzit ölkəyə çevilməsinə çalışan Prezident bundan ötrü qonşu ölkələrlə əməkdaşlığı zəruri hesab edir. Bu, Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsi və üstün istiqamətidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdığını bəyan edib. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bundan sonra qalan yeganə məsələ söylənənləri kağız üzərinə köçürmək və imzalamaqdır. Nəticədə Qafqazda real sülh yaranar, bütün kommunikasiyaları açılar və hamı fayda götürər.
Azərbaycan dövləti ərazisində yaşayan hamıya bərabər münasibət bəsləyir və kimsə daxili işlərimizə qarışa bilməz
Dövlətimizin başçısı müsahibəsində Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edənlərə də tutarlı cavab verdi. Məlum olduğu kimi, Azərbaycan əsrlər boyu və xüsusən də müstəqillik dövründə etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Ölkəmizdə bütün etnik qrupların bir ailə kimi yaşaması ən böyük sərvətlərdən biridir. Bu məsələdə Azərbaycanı ittiham etməyə, qarayaxmağa çalışanlar güzgüdə özlərinə baxmalıdırlar. Prezident müsahibəsində belə fəaliyyətlərin səbəblərini də izah etdi. Birincisi, ABŞ, Fransa və bəzi digər Qərb ölkələrində erməni lobbisi böyük infrastruktura malikdir. Onlar Azərbaycana hücum çəkir, siyasətçiləri ələ alır, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol taparaq Azərbaycanofobiya mühiti yaradırlar. İkincisi, Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməsi onların xoşuna gəmir. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı bir işə qoşulmur. Ölkə başçısının belə bir fikri də əhəmiyyətli idi ki, Azərbaycan dövləti bütün vasitələrlə özünəməxsusluğunu və ləyaqətini müdafiə edəcəkdir. Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətin siyasəti barədə düşündüyü vacibdir. Hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə biləcəklərinə ümid edənlər yanılırlar.
Prezident Azərbaycan dövlətinin Ermənistanın ən böyük vəkilinə çevrilən Fransa hökumətinin əsassız hücumları ilə üzləşdiyini vurğuladı. Bildirdi ki, bu ölkənin rəsmilərinin bəyanatları siyasi etikadan kənara çıxır. Müharibə zamanı Azərbaycanı ittiham edənlər indi də öz ərazimizdə gördüyümüz işlərə görə ittiham etməyə çalışırlar. Bunu edən dövlət Korsika dilinə qadağa qoysa da, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğsa da bir qəsəbədə bir neçə hündürmərtəbəli binada yerləşə biləcək qədər sayları olan Qarabağdakı ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edir. Fransa insan hüquqlarından danışarkən müstəmləkəsi olan Mayot adasına, Yeni Kaledoniyaya baxmalıdır. Parisin hərəkətləri siyasi riyakarlıqdır.
Ölkə rəhbərinin belə bir fikri də əhəmiyyətlidir ki, ölkəmizdəki erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə qorunacaq. Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Ölkəmizdə dini və ya etnik zəmində heç zaman problem olmayıb. Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquqa və təhlükəsizlik zəmanətinə malik olacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər