Antonio Quterreş: İnsan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır

Antonio Quterreş: İnsan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar müraciət yayıb.
Baş katib müraciətində insan alverinin insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulması olduğunu bildirib. Qeyd edilib ki, münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlardır. Bu gün artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da artır. Müəyyən edilmiş qurbanların əksəriyyəti qadın və uşaqlardır. Onların çoxu qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalırlar. Buna baxmayaraq, insan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. Onların cinayətlərinə demək olar ki, kifayət qədər diqqət yetirilmir. Bu yanaşma dəyişməlidir.
“Biz qurbanların aşkarlamasına və müdafiəsinə daha çox sərmayə yatırmalıyıq. İnsanları əşya kimi satan cinayətkarların məhkəmə qarşısında cavab vermələri üçün hüquq-mühafizə orqanlarını gücləndirməliyik. Biz, həmçinin insan alveri qurbanlarının həyatlarını yenidən qurmaları üçün daha çox iş görməliyik”, - deyən A.Quterreş beynəlxalq ictimaiyyəti insan alveri qurbanlarını aşkar etmək, qorumaq və dəstəkləmək üçün səyləri ikiqat artırmağa, insan alverinin heç bir qurbanını diqqətdən kənarda qoymamağa, heç kimin alınıb satılmadığı və istismar edilmədiyi bir dünya qurmağa çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər