Bakı Dövlət Universiteti alimlərinin “Web of Science” bazasında 140 məqaləsi dərc olunub

Bakı Dövlət Universiteti alimlərinin “Web of Science” bazasında 140 məqaləsi dərc olunub “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2021-ci ilin altı ayı ərzində Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə 140 elmi əsər dərc etdirilib.
Yüksək impakf faktorlu dərgilərdə dərc olunmuş məqalələrdən 50-si açıq girişə malikdir. Jurnalların redaksiya heyəti tərəfindən xüsusi dəvət əsasında yazılmış 9 məqalə isə icmal xarakterlidir. BDU-da prioritet istiqamətlərin dəqiqləşdirilməsi elmi nəticələrin keyfiyyətinin kifayət qədər artdığını sübut edir. Belə ki, 2021-ci ilin altı ayı ərzində dərc olunmuş 140 məqalənin 49-u (35 faizi) Q1 və Q2 kvartil kateqoriyalı jurnallardadır.
Məqalələr riyaziyyat, fizika, kimya, biologiya, kompüter elmləri, humanitar elmlər, tədrisin metodikası və müxtəlif elm sahələrinin qovşağında olan multidisiplinar sahələrin ən aktual problemlərinə həsr olunub. Fizika, kimya və biologiya sahələri üzrə multidisiplinar məqalələrdə xərçəng, neyrodegenerativ kimi xəstəliklərin və koronavirusun müalicəsi üçün dərmanların hazırlanmasında əsas baza materialı kimi hibrid nanomateriallardan istifadənin perspektivləri və bu istiqamətdə alınmış nəticələr şərh edilib. Belə problemlərin həlli istiqamətində alınmış nəticələr üzrə dərc olunmuş icmal xarakterli məqalələrdə BDU əməkdaşlarının həlledici iştirakı son illər universitetdə innovativ istiqamətlərin inkişaf etdirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması və həyata keçirilən struktur islahatları çərçivəsində fundamental, tətbiqi və eksperimental elmi-tədqiqatların aparılması üçün müvafiq infrastrukturun yaradılması ilə izah olunur.
2021-ci ildə bazaya daxil olan jurnallardakı elmi əsərlərə 2382 dəfə istinad edilib. Hazırda BDU-nun Hirş indeksi Azərbaycan universitetləri arasında ən yüksəkdir - 47.
“Web of Science” bazasına daxil olan dərgilərdə dərc olunmuş məqalə sayına və onlara edilən istinadların sayına görə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Tehsil-press.az



Oxşar xəbərlər