ADU-nun nümayəndə heyəti Çində bir sıra beynəlxalq konfranslarda iştirak edib

ADU-nun nümayəndə heyəti Çində bir sıra beynəlxalq konfranslarda iştirak edib Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndə heyəti Beynəlxalq Xarici Dillər Universitetləri Assosiasiyasına daxil olan Şanxay Xarici Dillər Universitetinin 75 illiyinə həsr olunmuş ali təhsil müəssisələri rektorlarının dördüncü iclasında iştirak edib.
Nümayəndə heyəti Şanxay Xarici Dillər Universitetinin prezidenti Li Yansunq ilə görüşüb, iki universitet arasında elmi əməkdaşlıq və təhsil mübadiləsinin perspektivlərini müzakirə edib. Süni intellekt dövründə xarici dillərin tədrisinin məqsəd və vəzifələrinə həsr olunmuş konfransda Çinin aparıcı universitetlərinin rektorları ilə yanaşı, Bolqarıstan, Yaponiya, Şri-Lanka, Özbəkistan, Portuqaliya, Ukrayna, Rusiya, Meksika, Koreya, Tailand və digər ölkələrdən gəlmiş nümayəndələr də iştirak ediblər.
Plenar iclasda çıxış edən ADU-nun rektorunun multikulturalizm üzrə müşaviri professor Qaley Allahverdiyev universitetdə xarici dillərin tədrisi prosesində fənlərarası yanaşmanın, o cümlədən süni intellektin tətbiqi sahəsində ADU-nun təcrübəsindən, dil təliminin səmərəliliyini daha da artırmaq məqsədilə bu sahədə həyata keçirilən innovativ layihələrdən danışıb.
İclasda ADU-nun təsisçi üzv olduğu Beynəlxalq Xarici Dillər Universitetləri Assosiasiyasının 2023-2025-ci illər üçün inkişaf planı da qəbul edilib. ADU-nun nümayəndə heyəti xarici dillərin və xarici ölkələr ədəbiyyatının öyrənilməsi, həmçinin xarici regionşünaslıq sahəsində fundamental tədqiqatlara həsr olunmuş bölmə iclaslarında iştirak edib. Universitetin nümayəndələri Pekində Ölkə və Regional Araşdırmalar Konsorsiumu və Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı ilə “Kəmər və yol” təşəbbüsünün 10 illiyinə həsr olunmuş “Bəşəriyyətin ortaq taleyi cəmiyyəti: çağırışlar və gələcək” adlı beynəlxalq konfransda da iştirak ediblər. Plenar iclaslarda çıxış edən UNESCO-nun, Çinin, Latın Amerikası ölkələrinin, Afrikanın, Yeni Zelandiyanın universitet və tədqiqat mərkəzlərinin nümayəndələri mədəniyyətlərarası dialoq, sosial-iqtisadi inkişaf, qlobal sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması istiqamətlərində, həmçinin ölkəşünaslıq və regionşünaslıq üzrə elmi jurnalların nəşri ilə əlaqədar Çin və qlobal Cənub ölkələri ilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və çağırışları ilə bağlı məsələləri müzakirə ediblər.
Konfransda, eyni zamanda, dil təhsili, dilin tədqiqi və qorunması, kadr təminatına innovativ yanaşmalar və dil xidmətləri sahəsində intellektual texnologiyalarla bağlı qlobal əməkdaşlığı təşviq etmək məqsədilə dil xidmətləri sahəsində qlobal platformanın birgə yaradılması təşəbbüsü qəbul olunub.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şanxay və Pekində keçirilən konfrans iştirakçılarına Çin dilində nəşr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik münasibətlərin yaranmasının 30 illiyi. Prezident xronikası”, “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısıdır”, “Heydər Əliyev-100. Çin səfərinin tarixi” kitablarını hədiyyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər