BDU-da 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində tanınmış astronavtlarla görüş

BDU-da 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində tanınmış astronavtlarla görüş 74-cü Beynəlxalq Astronavtika Konqresinin Beynəlxalq Astronavtlar Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə tanınmış astronavtlar Tuva Atasever, Alper Gezeravci, Anna Kikina, Hazzaa Al-Mansoorinın görüşü olub.
Görüşdə Azərbaycan Respublikasının Kosmik Agentliyinin təhsil meneceri İmran Muxtarov tərəfindən tələbələrə qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi və Beynəlxalq Astronavtlar Proqramı haqqında ətraflı məlumat verilib.
BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova qeyd edib ki, Azərbaycanda kosmos elminin Nəsirəddin Tusidən başlamış 800 illik tarixi var. BDU bu zəngin ənənəni davam etdirən əsas ali təhsil müəssisəsidir. Təsadüfi deyil ki, ölkədə astrofizika sahəsində yeganə kafedra BDU-da yerləşir. Həmçinin BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Astrokosmik və atmosfer tədqiqatları elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Gənclərlə interaktiv sual-cavab formatında keçirilən görüşdə tanınmış astronavtlar Tuva Atasever, Alper Gezeravci, Anna Kikina, Hazzaa AlMansoori kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını bölüşüb, sualları cavablandırıb, tələbələrə avtoqraflı şəkillərini hədiyyə ediblər.
Qeyd edək ki, Beynəlxalq Astronavtlar Proqramı çərçivəsində müxtəlif ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və gənclər mərkəzlərində “Kosmos və sağlamlıq”, “Kosmos və inklüzivlik”, “Kosmos və STEAM”, “Astronavtların həyat və fəaliyyətinə həsr olunmuş brifinqlər” mövzularında görüşlər keçirilməsi nəzərdə tutulub. Bu görüşlərdə məktəblilər, tələbələr, şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər də daxil olmaqla 3 mindən çox şəxs iştirak edir. Proqramın məqsədi gənclər arasında kosmos elminin tərənnümü, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqidir.

Tehsil-press.az


Oxşar xəbərlər