BDU 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak edir

BDU 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak edir Bakıda keçirilən 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində ölkəmizdə astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi kimi 2023-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan Bakı Dövlət Universiteti (BDU) də iştirak edir. Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən sərgi pavilyonunda beynəlxalq kosmik şirkətlər və digər müvafiq təşkilatlarla yanaşı, BDU-nun da stendi nümayiş olunur.
Stenddə BDU-nun son illər təhsil, elm, texnologiya sahələrində əldə etdiyi nailiyyətləri özündə əks etdirən xidmət və layihələr sərgilənir. Mütərəqqi innovativ texnologiya və süni zəka əsaslı yüksək texnologiyalar sahəsində bir-birindən maraqlı layihələrin interaktiv təqdim edilməsi, fərqli müsabiqələrin, ustad dərslərinin keçirilməsi nəzərdə tutulduğundan BDU-nun stendi müxtəlif ölkələrdən olan ziyarətçilər üçün maraqlı məkandır. Sərgi günlərində işgüzar görüşlərin keçirilməsi, səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması da planlaşdırılır. Sərgidə iştirak astrofizika, kosmos elmləri və texnologiyası sahələrində fəaliyyətin təşviqi, beynəlxalq əlaqələrin yaradılması, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi, 75-dən çox ölkədən 6 min yüksəkixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən artıq gəncin BDU ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.
BDU Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun İnstitusional üzvüdür və Beynəlxalq Astronavtika Akademiyasında təmsil olunur.
Qeyd edək ki, Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən tədbirə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
Bakıda Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər